Azərbaycandan olan oliqarx Fransanın Lacivərd sahillərində dəbdəbəli toy sifarişi verib – FOTO
Azərbaycandan olan və adı açıqlanmayan bir zəngin dünyanın ən məşhur şəxsləri - milyarderlər və estrada ulduzları, şahzadələr və bir günlük əyləncəyə milyonlarla avro xərcləyən biznesmenlər üçün dəbdəli toy mərasimləri təşkil edən məşhur prodüser Sara Heyvuda toy sifarişi verib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Business İnsider” jurnalı yazır.
Jurnal Sara Heyvudun dünyanın çox zəngin adamlarına xidmət göstərən ən məşhur prodüser olduğunu yazır. Onun prodüser qrupu adı “Fortune 500” siyahısında (dünyanın ən məşhur və ən zəngin adamlarının reytinqi) olan şahzadələrə və estrada ulduzlarına, milyarderlərə xidmət göstərib.
Sara Heyvud deyir ki, müştərilərindən biri toyun təşkili üçün 5,5 milyon avro xərcləyib. O, məxfilik barədə öhdəliklər götürdüyündən müştərilərinin adlarını açıqlamır.
Sara Heyvud müştərilər üçün həftənin 7 günü, günün 24 saatı açıqdır. Təşkil etdiyi toylarda ən bahalı və eksklüziv kutyurlardan, dizaynerlərdən, stilistlərdən istifadə edir, ən məşhur aşpazları işə cəlb edir. Sara Heyvud milyarderlərin gəlinləri üçün cəmi iki həftəyə xəyalların toyunu təşkil edə bilər.
Sara Heyvudun yaxın aylarda toy sifarişi aldığı müştərilərdən biri də Azərbaycandandır. Həmin müştəri Fransanın Lacivərd sahillərində yerləşən Sen-Trope kurort şəhərində toy sifariş verib.
Həmçinin Sara Heyvud Şotlandiya adalarının birində amerikalı milyarderə toy təşkilinə dair sifariş alıb.
Qeyd edək ki, prodüserin şirkəti Londonda yerləşir.
“Bizim müştərilərimiz hər yerdən gəlir: ABŞ, Avropa, Yaxın Şərq, Asiya, Çin və digər yerlərdən. Xüsusən də onların çoxunun burada evləri var”- deyə Sara Heyvud bildirib.
Prodüserin təşkil etdiyi toy mərasimləri bir neçə yüz min avrodan milyonlarla avroya qədər başa gələ bilər.
Mənbə:> Virtualaz.org