Azərbaycan qazax teplovozları almaq niyyətindədir
Qazaxıstan və Azərbaycan əməkdaşlığının prioritet istiqamətlərindən biri nəqliyyatdır və biz onun möhkəmlənməsi üçün səy göstəririk.
Oxu.Az “Qazaxıstan Dəmir Yolları”nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov bildirib.
“Biz Qazaxıstanda istehsal edilən lokomotivləri əldə etməkdə maraqlıyıq. Keçən il “Elektrovoz kürasıru zautı” MMY şirkətinin istehsalı olan 50 elektrovozun çatdırılmasına dair müqavilə imzalamışıq. İndi teplovoz almaq niyyətindəyik. İlkin olaraq bizə 10 ədəd lazımdır. Maliyyələşdirmə ilə məsələni həll edib yeni müqavilə imzalamağa çalışacağıq”, - o deyib.
Cavid Qurbanov qeyd edib ki, indi mürəkkəb zamandır, böhranla əlaqədar daşınmaların həcmi azalır.
“Amma düşünürəm ki, mürəkkəb iqtisadi vəziyyət müvəqqətidir. Və o bizim qarşılıqlı sərfəli əməkdaşlığımıza mənfi təsir göstərməyəcək”, - o deyib.
Mənbə:> Oxu.Az