Bakı Metropoliteninin aldığı yeni qatarların qiyməti açıqlanıb
“Bakı Metropoliteni” QSC-nin Fransanın “Alstom” şirkəti ilə sərnişin qatarlarının alınmasına dair bağladığı müqavilənin dəyəri məlum olub. Ümumilikdə hər biri 5 vaqondan ibarət olacaq üç qatarın dəyəri 18-19 milyon avro təşkil edir.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a “Alstom”un Rusiya və MDB ölkələri üzrə baş vitse-prezidenti Martin Vojur məlumat verib.
Qeyd edək ki, bu qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kVt idisə, indi bu rəqəm 170 kVt təşkil edir.
Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
Mənbə:> Oxu.Az