Manatın qorxu dövrü bitdi – PROQNOZ
Qarşıdan gələn aylarda Azərbaycan Mərkəzi Bankının (AMB) əvvəlcədən müəyyən edilmiş gəlirliklə geri alınacağına zəmanət verilən qiymətli kağız yerləşdirmələrinin sayının artıracağı gözlənilir.
ANS PRESS-in araşdırmasına görə, AMB son bir neçə aydır ki, fond bazarında bu cür əməliyyatları dayandırıb. Bakı Fond Birjasında (BFB) sonuncu dəfə bu cür əməliyyat yanvarın 21-də gerçəkləşdirilib. AMB 28 gün müddətinə gəlirliliyi 1 faiz olmaqla 30 milyon manatlıq qısamüddətli not yerləşdirib və bu da baş tutmamış hesab edilib. Yəni notlara alıcı tapılmayıb. Halbuki, keçən ilin dekabr ayında AMB təxminən eyni məbləğ və gəlirlikli 2 yerləşdirmə gerçəkləşdirmişdi və hər yerləşdirmə uğurla nəticələnmişdi.
Müəyyən edilmiş gəlirliklə geri alınacağına zəmanət verilən dövlət qiymətli kağızları dünya praktikasında 1917-ci ildən istifadə edilir və cari dövlət xərclərinin təmin edilməsi üçün işlədilir. Dövlət bu cür qiymətli kağızlarla özəl qurumlardan vəsait cəlb edir və sonra vergi gəlirləri ilə həmin pulları qaytarır. ABŞ-da bu, ənənəvi büdcə maliyyələşdirməsi variantına çevrilib və bəzən 200 milyard dollara qədər qalxa bilir. Bu cür dövlət qiymətli kağızlarının tətbiqi milli valyutaya xarici təzyiqləri azaldır və sabit maliyyə recimi qurmağa yardımçı olur.
Keçən ayın sonlarında parlamentin iqtisadi siyasət komitəsində çıxış edən AMB İdarə Heyətinin sədr müavini Alim Quliyev Mərkəzi Bankın yenidən dövlət qiymətli kağızlarının yerləşdirilməsi praktikasına qayıdacağını vurğulayıb. Əksər ekspertlər bunun manata təzyiqləri azaldacağını düşünürlər. Çünki bir sıra maliyyə qurumları planlaşdırdıqları gəliri dövlət qiymətli kağızlardan əldə edəcəklər və əllərindəki manat vəsaitlərini valyuta bazarına yönəltməyəcəklər.
İqtisadçı alim Vüqar Bayramov dövlət qiymətli kağızlarının buraxılışının manata təzyiqləri azaldacağını vurğulasa da, bütövlükdə hökumətin bu sahədə çox işlər görməli olduğunu vurğulayır. “Bizdə əhali xarici valyutaya yığım vasitəsi kimi baxır. Bu da manata təzyiqləri artırır. Hökumət əhali üçün alternativ yığım vasitələri yaratmalıdır. Qərbdə fond birjası bu rolu çox uğurla oynayır. Amerika əhalisinin 95 faizi müxtəlif korporasiyaların səhmlərinin sahibidir. Buna görə də milli valyutanın məzənnəsinin necə olması əhalini elə də maraqlandırmır. Bununla yalnız ixracla məşğul olan iş adamları maraqlanırlar. Avropada da vəziyyət eyni cürdür. Buna görə də bizdə fond bazarı iqkişaf etməli, kağız üstündə açıq tipli səhmdar cəmiyyətlərin (ASC) yerinə, real fəaliyyət göstərən və dividend verən xalq müəssisələri - korporasiyalar yaradılması təşviq edilməlidir”,- deyə Vüqar Bayramov ANS PRESS-ə bildirib.
Lakin iqtisadçı alim ilin sonuna qədər manatın devalvasiyasına səbəb olacaq ciddi amil görmür: “Əvvəla, qarşıdan Avropa oyunları gəlir. Bakıya gələn xaricilər istənilən halda dolları manata dəyişəcəklər ki, bu da AMB-nin milli valyutanı dəstəkləmək üçün yönəltdiyi xərcləri azaldacaq”.
Vüqar Bayramov yaxın zamanlarda başlayan aqrar məhsul ixracının da Azərbaycanın valyuta gəlirlərini artıracağını düşünür: “Rusiyada rublun məzənnəsinin möhkəmlənməsi də bu məsələdə müsbət təsir edir”.
İqtisadçı alimin ümidlə baxdığı son amil isə dünya bazarında neftin qiymətinin nisbətən yüksəlməsidir: “Son proqnozlar göstərir ki, ilin sonuna kimi neft ucuzlaşmayacaq. Bu da manatı təkrar devalvasiyadan qoruyan amillərdəndir”.
Vüqar Bayramovun sözləri Amerikanın “JP Morgan” bankının analitikləri tərəfindən bu il və gələn il üçün proqnozlaşdırılan neft qiymətləri ilə dəstəklənir. Bankın analitikləri özproqnozlarını 2015-ci il üçün 3 dollar, 2016-cı il üçün isə 10 dollar artırıblar.
Beləliklə, onların fikrincə, Brent nefti bu ili barrel üzrə 62 dollar orta qiymətlə başa vuruacaq, gələn il üçün isə orta qiymət 72 dollar olacaq. Texas nefti üçün isə proqnozu uyğun olaraq 55 dollar və 64 dollardır. Yəni manatın sabitliyi üçün yetərincə əlverişli rejimdir.
“JP Morgan”ın neftin qiyməti üzrə proqnozları ($/bar)
Mənbə:> ANSPRESS