İlham Əliyev Bakı Konqres Mərkəzinin açılışında iştirak edib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

İlham Əliyev Bakı Konqres Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev Bakı Konqres Mərkəzinin açılışında iştirak edib


Aprelin 29-da Bakı Konqres Mərkəzinin açılışı olub.

AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.

Maliyyə naziri Samir Şərifov Mərkəzdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Heydər Əliyev Mərkəzinin yaxınlığında yüksək zövqlə inşa olunan bu Mərkəzin tikintisinə 2014-cü ilin fevralında başlanıb. Mərkəzin ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Bina bütün zəruri infrastrukturla təmin olunub.

Prezident İlham Əliyev Bakı Konqres Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu, dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb. Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Konfrans zallarında yaradılan şərait onların tutumunu tədbirə qatılan qonaqların sayına uyğun olaraq dəyişdirməyə imkan verir. Məsələn, konfrans zallarının tamaşaçı tutumunu təşkilatçının istəyinə uyğun olaraq 50 nəfərdən 250 nəfərədək dəyişmək mümkündür. Bina bütün zəruri kommunikasiya, o cümlədən havalandırma sistemləri ilə təchiz olunub. Burada restoran, inzibati və digər otaqlar da var. Mərkəzdə canlı yayım aparmaq üçün də müasir şərait yaradılıb. Burada qonaqlara eskalatorlar və 16 lift xidmət göstərəcək.

Bakı Konqres Mərkəzinin auditoriya zalı da ən müasir səviyyədə yaradılıb. Zal 3500 yerlikdir. Burada müasir texnologiyanın ən son yeniliklərinin tətbiq olunduğu avadanlıq quraşdırılıb. Zalın akustika sistemi dünyanın aparıcı şirkətlərinin məhsuludur. Buranın işıqlandırılmasında müasir texnologiyadan istifadə edilib.

Ölkəmizdə hökm sürən siyasi-iqtisadi sabitlik, bütün sahələrin davamlı inkişafı və yaradılan şərait artıq Azərbaycanı mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Bu gün ölkəmizdə siyasət, iqtisadiyyat, mədəniyyət, idman, ümumilikdə bütün sahələrə aid region, qitə və dünya əhəmiyyətli mötəbər tədbirlər təşkil olunur. Belə bir Mərkəzin istifadəyə verilməsi ölkəmizin beynəlxalq tədbirləri daha da yüksək səviyyədə keçirməsi üçün geniş imkanlar yaradır.

Bildirildi ki, bu Mərkəzdə ilk beynəlxalq tədbir mayın 2-dən 5-dək Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı olacaq. Bu mötəbər tədbir Cənubi Qafqaz regionunda ilk dəfə məhz Azərbaycanda keçiriləcək. Toplantıda 3 minə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlərin və ekspertlərin iştirakı nəzərdə tutulur. Belə bir mühüm tədbirin ölkəmizdə baş tutması Azərbaycanın bu sahədəki təcrübəsi, Bakıda yaradılmış yüksək standartlara uyğun infrastruktur, tranzit və logistika sahəsində ölkəmizin əlverişli imkanları ilə yanaşı, Bakı Konqres Mərkəzi kimi memarlıq nümunələrinin inşa olunması ilə də sıx bağlıdır.

Bu möhtəşəm bina inşa olunduğu əraziyə də gözəllik verir, Heydər Əliyev Mərkəzinin yerləşdiyi məkanın füsunkarlığını daha da artırır. Orijinal üslubda tikilən Mərkəz ümumilikdə, paytaxtda aparılan abadlıq-quruculuq işlərinin davamlı olduğunu bir daha təsdiqləyir.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *