Beynəlxalq Bank uzunmüddətli əmanət qəbulunu dayandırır
Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin 17.04.2015-ci il tarixli qərarına əsasən, 2015-ci il aprelin 21-dən faizlərin ödənilməsi müddətinin sonunda nəzərdə tutulan əmanətlər ləğv edilib (“Uşaq” əmanəti və 12 ay müddətinə yerləşdirilən digər əmanətlər istisna olmaqla).
Oxu.Az banka istinadən xəbər verir ki, bundan başqa, Rusiya rublu valyutasında depozitlər (əmanətlər) ləğv edilib. 100.000 manat (və ya digər valyutada onun ekvivalenti) və yuxarı məbləğdə hər bir depozit əqdi üzrə yerləşdirilən əmanətlərə müəyyən olunmuş faiz dərəcəsinə 0.5 faizin əlavə edilməsi qüvvədən düşüb. Qızıl depozit” və “Avans” əmanət növləri ləğv edilib.
2015-ci il aprelin 21-dən əvvəl bağlanmış, faizlərin ödənilməsi müddətin sonunda nəzərdə əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır.
Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir. Aprelin 21-dən əvvəl bağlanmış “Qızıl depozit”, “Avans” və rusiya rublunda əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir.
Bankdan bildirilir ki, Əmanət müqaviləsi müddəti başa çatmamış əmanətçi tərəfindən ləğv edilərsə, əmanət üzrə hesablanmış faizlər ödənilmir. Əvvəl hesablanmış və əmanətçi tərəfindən artıq alınmış faizlər əmanətin ümumi məbləğindən çıxılır.
Əgər müddət başa çatdıqdan sonra əmanətin məbləği əmanətçi tərəfindən tələb olunmayıbsa, müqavilə eyni müddətə uzadılmış hesab olunur, o şərtlə ki, Bank müqavilənin müddətinin uzadılmasına razı olsun. Bank müqavilənin müddətinin uzadılmasına razı olmadıqda əmanətçinin əmanəti ona əvvəlcədən rəsmi xəbər verməklə geri qaytarılır.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının qərarı ilə 2015-ci il fevral ayının 24-dən Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 12%-dək (məbləği 30 000 AZN və ya onun ekvivalentində digər valyuta) təyin olunub.
Mənbə:> Oxu.Az