Azərbaycanda tikilən obyektlərin sayı açıqlandı
2015-ci ilin yanvar-mart aylarında tikinti sektoruna bütün maliyyə mənbələrindən əsas kapitala 3,2 milyard manat vəsait yönəldilib, onun 54,7 %-i daxili mənbələr hesabına təmin edilib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, sərf edilmiş sərmayələrin 70,5 %-i məhsul istehsalı, 29,5%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70 %-ni təşkil edib.
“2015-ci ilin birinci rübündə Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Atıcılıq Mərkəzi, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” Oteli, ümumi sahəsi 414,5 min kvadrat metr olan yeni yaşayış evləri, növbədə 135 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 1658 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub və s. obyektlər istifadəyə verilib” - deyə, komitənin məlumatında deyilir.
Mənbə:> Oxu.Az