Maliyyə Nazirliyi deputat Vahid Əhmədovu təxribatda ittiham edir
“Maliyyə naziri Samir Şərifovun dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlər tam aydın və başadüşüləndir və bu açıqlamanı devalvasiya anonsu kimi yozmaq ya düşünülmüş təxribatdır və ya diletant yanaşmadır”.
Virtualaz.org bildirir ki, bunu jurnalistlərə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.
O bildirib ki, bəzi dırnaqarası ekspertlər və iqtisadçılar maliyyə nazirinin fikirlərini müəyyən qədər konteksdən çıxararaq onun mahiyyətini bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə və bir sıra saytlarda təhrif etməyə cəhd göstərirlər. Lakin deputat Vahid Əhmədov kimi təcrübəli siyasətçinin, Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü olan bir adamın 2019-cu ilin büdcə müzakirələrindən bir neçə gün sonra maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə ziddiyyətli və təxribat xarakterli münasibət bildirməsi yalnız təəssüf doğurur: “Nazir çıxışı zamanı bildirib ki, manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir, idxal üçün cəlbedici vəziyyət yaradır ki, bu da Azərbaycan dövlətinin marağında deyil. Məhz buna görə də son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatların tərkib hissəsi kimi yeni Büdcə Qaydası qəbul edilib ki, bu qayda ilə neft sektorundan xarici valyutada daxilolmaların dövlət tərəfindən dövlət büdcəsində müəyyən edilən çərçivədə daxili valyuta bazarında satışı tənzimlənsin. Çünki neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır. Bu isə maliyyə nazirinin qeyd etdiyi kimi ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur ki, bu da milli istehsal üçün, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də bu mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır”.
Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, bu gün əldə edilmiş makroiqtisadi sabitlik və onun gələcəkdə qorunub saxlanılması məhz Büdcə Qaydasına riayət olunması, büdcə siyasətinin Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasətə dəstəyi ilə sıx əlaqəlidir. Bu isə manatın mövcud məzənnəsinin sabit saxlanılmasını hal-hazırda təmin edir və bundan sonrada təmin edəcək.
Mənbə:> Virtualaz.org