Azərbaycanda benzin bahalaşacaq - "Aİ - 92" 1 manat olacaq? – EKSPERTLƏR RƏY VERDİ
Azərbaycanda benzinin qiymətinin qaldırılacağı ilə bağlı məlumatlar var.
Missiya.Az-ın əldə etdiyi xəbərə görə, sentyabr ayından “Aİ-92” markalı benzinin qiyməti 90 qəpikdən 1 manata qaldırılacaq.
"Aİ-95" premium markalı benzinin qiymətinin 1,25 AZN-dən, 1,35 AZN-ə qədər qaldırılacağı barədə xəbərlər var. Azərbaycanda “Aİ-92” markalı benzinin qiymətinə sonuncu dəfə 2015-ci ildə baxılıb. Həmin vaxt qeyd edilən markalı benzinin dəyəri 90 qəpiyə qaldırılıb. "Aİ-95" premium markalı benzinin qiymətinə isə ötən ilin noyabr ayında baxılıb və qiymət 1,25 AZN müəyyən edilib.
Qiymət artımı əsasən iqtisadi səbəblərlə və əsaslarla həyata keçirilir. Bəs, Azərbaycanda benzinin qiymətinin qaldırılmasına hər hansı iqtisadi əsas varmı? İqtisadçılar benzinin qiymətinə yenidən baxılması barədə müxtəlif fikirlər səsləndirirlər.
İqtisadçı Samir Əliyevin fikirincə, qiymətlərin artırılacağı ilə bağlı ehtimallar realdır. S.Əliyev Missiya.Az-a açıqlamasında yanacağın qiymətinin qaldırılacağı barədə fikirlərini belə izah edib: “Bilirsiniz ki, Azərbaycanda benzinin qiyməti hökumət tərəfindən tənzimlənir. Bu səbəbdən artımın nə vaxt və nə qədər olacağını demək çətindir. Amma mən düşünürəm ki, yanacaq qiymətlərinin qaldırılması ilə bağlı ehtimallar realdır. Çünki “Aİ-95” markalı benzin xaricdən idxal olunur. Hökumət “Aİ-95” markalı benzinin qiymətinin qalxmaması üçün müəyyən vergi və gömrük güzəştləri tətbiq edir. Benzinin qiymətinin qaldırılmasın səbəblərdən biri bu ola bilər”.
S.Əliyevin sözlərinə görə, Azərbaycanda baş verən iki devalvasiyadan sonra benzinin qiyməti cüzi qaldırılıb: “Manat dəyər itirdiyi üçün xaricdən gətirilən məhsullarda bahalaşma baş verib. Amma bu benzinin qiymətində o qədər də hiss olunmayıb”.
Samir Əliyev - iqtisadçı
İqtisadçı benzin qiymətlərinin qaldırılmasına dünya bazarında “qara qızıl”ın dəyərinin artmasının səbəb ola biləcəyini deyib: “Dünya bazarında neftin qiyməti 120-130 dollar olanda, benizini qaldırırlar ki, “qara qızıl” bahalaşıb. Amma neftin qiyməti aşağı düşəndə, benzinin ucuzlaşmasını müşahidə etmirik. Məsələn, bir neçə il əvvəl neftin qiyməti 30 dollara düşmüşdü. Neft ucuzlaşsa da, benzinin qiyməti endirilmədi. İndi isə dünya bazarında neftin qiyməti 70 dollardan yuxarıdır. Belə olan halda benzin qiymətlərinin qaldırılacağını da ehtimal etmək olar. Qiymətlərin qaldırılmasına benzinin xaricdən idxal olunması, kompanetlərin bahalığı və neftin bahalaşması səbəb kimi göstərilə bilər”.
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, iqtisadçı Elnur Soltanov isə fərqli düşünür. Missiya.Az-a açıqlama verən iqtisadçı bildirib ki, yanacaq qiymətlərinin qaldırılması üçün iqtisadi əsas yoxdur: “Biraz keçmişə nəzər salaq. Azərbaycanda hökumətdə kimlərin olmasından aslı olmayaraq, 2 devalvasiyanın olması labüd idi. Devalvasiyanın baş verəmsinə səbəb olacaq dərin iqtisadi əsasların mövcuduğu göz qabağında idi. Manatın dollara nisbətən ucuzlaşması qaçılmaz idi. Amma hazırda benzinin qiymətinin qaldırılması ilə bağlı heç bir iqtisadi əsas yoxdur. Deyə bilmərik ki, şərtlər bunu diqtə edir. Azərbaycanın daxili və xarici iqtisadi vəziyyəti kifayət qədər yaxşıdır. Neftin qiyməti kifayət qədər yüksəkdir. Həmçinin, Azərbaycanda böyük yatırımlar da dayandırılıb. Məsələn, Bakı-Tiflis-Qars, TANAP, “Şahdəniz” kimi beynəlxalq layihələr artıq işə salınıb. Ona görə də Azərbaycanın ciddi şəkildə xarici borclanmaya getməsinə ehtiyac yoxdur. Bütün bu səbəbləri əsas tutaraq, benzinin qiymətinin qaldırılacağını düşünmürəm”.
Elnur Soltanov - iqtisadçı
Qeyd edək ki, Azərbaycan benzinləri digər xarici ölkələrə nisbətən çox aşağıdır.
Missiya.Az benzinin ən baha qiymətə satıldığı ölkələri təqdim edir:
Honkonqda (2,09 dollar)
Norveçdə (2,02 dollar)
Niderland(1,93 dollar)
Yunanıstan (1,91 dollar)
İtaliya (1,91 dollar)
Danimarka (1,90 dollar)
İsrail (1,86 dollar)
Portuqaliya (1,83 dollar)
Finlandiya (1,79 dollar)
Fransa (1,78 dollar)
Mənbə:> Missiya.az