Sumqayıtda yeni zavod inşa olunacaq: 100-ə yaxın yerli mütəxəssis işlə təmin olunacaq
Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyi ölkədə yeni yaradılan sənaye parklarında fəaliyyət göstərəcək 12 sahibkara investisiya təşviqi sənədini təqdim edib. Xeberle.com xəbər verir ki, iki sahibkar isə rezident şəhadətnaməsi alıb.
Rezident şəhadətnaməsi alan sahibkarlardan biri Balaxanı Sənaye Parkı, digəri isə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərəcək.
Bununla da BSP-dəkı rezidentlərin ümumi sayı 5-ə, SKSP-dəki rezidentlərin sayı isə 9-a çatıb.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti - "Alco Lubricant Company” MMC Almaniya texnologiyası əsasında sürtgü yağlarının istehsalını, topdan və pərakəndə satışını təşkil edəcək. Layihənin investisiya dəyəri 10 milyon ABŞ dollarıdır. Layihə çərçivəsində illik istehsal gücü 30 min ton olan zavod inşa olunacaq. Bu məqsədlə yaxın zamanlarda Sumqayıt Kimya Sənaye Parkının 2.5 hektar ərazisində zavodun tikintisinə başlanacaq. Müəssisənin 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir. Müasir avadanlıq və texnologiyalarla təchiz ediləcək zavodda 100-ə yaxın yerli mütəxəssis işlə təmin olunacaq. Zavodun məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən sənaye parkına 1,1 milyard ABŞ dolları investisiyanın yatırılması və 2200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Mənbə:> Xeberle.com