Beynəlxalq Bankı Neft Fonduna verdilər
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
Virtualaz.org-un məlumatına görə, iclasa sədrlik edən Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanına uyğun olaraq bankın sağlamlaşdırılması və restrukturizasiyası proqramı praktik olaraq başa çatıb.
Nazir bildirib ki, bankın 2017-ci il üzrə maliyyə nəticələri müsbətdir: “Şübhəsiz ki, bu müsbət nəticələrə dövlətin zəruri dəstəyi olmadan nail olmaq mümkün deyildi. ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib, bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb, bankın əmanətçilərinin, bankda xidmət olunan hüquqi şəxslərin və digər qeyri-rezidentlərin maraqlarını dövlət qoruyub. Bunun nəticəsidir ki, bankın kredit reytinqləri yüksəlməyə başlayıb”.
İclasda yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunublar.
Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.
Səhmdarların ümumi yığıncağında Azərbaycan Beynəlxalq Bankının kənar auditor tərəfindən aparılmış müvafiq audit hesabatı da təsdiqlənib. Eyni zamanda, bankın bir sıra törəmə təşkilatlarının bağlanması barədə qərar qəbul olunub.
Mənbə:> Virtualaz.org