“İş Çərçivəsi” layihəsinə start verilib – FOTO
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) gənclər üçün “İş Çərçivəsi” adlı layihəyə start verib. Layihənin əsas məqsədi işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsi qaydaları barədə gənclərin məlumatlandırılması və İnsan Resurslarının idarə olunması sahəsində karyera qurmaq istəyən gənclərə insan resursları əməliyyatlarının qanuni çərçivələri üzrə baza biliklərinin qazandırılmasıdır. Bu məqsədlə Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin əsasları və bu qanunvericiliyə uyğun olaraq müəssisədə çalışan işçilərin işə qəbul və işdən azad olunması, iş və istirahət vaxtı, əməyinin ödənilməsi, işçilərin təminatları və təminatların pozulmasına qarşı tədbirlər, işəgötürənin dövlət qurumları ilə qarşılıqlı münasibətləri mövzularında altı sessiyadan ibarət təlim proqramı hazırlanmışdır.
ATGTİ- dən HR-AZ.com- a bildirilib ki, 4 fevral 2018-ci il tarixində ATGTİ-nin ofisində Əmək Qanunvericiliyi kursunun “İşə Qəbul” mövzusunda ilk sessiyası reallaşdırılmışdır. Sessiya çərçivəsində İnsan Resurslarının İdarə Edilməsinin funksiyaları və rolları, Əmək Qanunvericiliyi sisteminə aid olan anlayışlar, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq çalışmanın yaş hədləri, sınaq müddəti, əmək şəraitinin şərtləri və onların dəyişdirilməsi, işçinin başqa vəzifəyə keçirilməsi, iş yerləri və işçilərin attestasiyası və s. mövzularda təqdimat, müzakirə və praktiki qrup çalışması metodları ilə təlim keçirilmişdir. Sessiyanın sonunda iştirakçılara kadr inzibatçılığı sahəsində vərdişlərin qazandırılması üçün ev tapşırığı verilmişdir. Bundan başqa gənclərin müvafiq biliklərə sistemli şəkildə yiyələnməsini təmin etmək məqsədilə Əmək Məcəlləsi və layihə çərçivəsində təlimçilər Səbinə Mustafayeva və Cəmil Hüseynov tərəfindən hazırlanmış Əmək Qanunvericiliyinə dair materiallar toplusu təqdim olunmuşdur
Qeyd edək ki, ümumilikdə 18 saat davam edəcək kursun növbəti sessiyalarının fevral və mart ayları ərzində davam etdirilməsi nəzərdə tutulur. İştirakçıların kurs nəticəsində qazandıqları biliklərin yoxlanılması məqsədilə hər növbəti sessiyada əvvəlki sessiya üzrə imtahanın və kursun sonunda yekun imtahanın keçirilməsi planlaşdırılır. Layihənin sonunda kurs iştirakçıları qrup işləri, ev tapşırıqları, sessiya və yekun imtahanda nümayiş etdirdikləri bilik və bacarıqlarına müvafiq olaraq 100 ballıq sistem üzrə qiymətləndirilərək “İştirak”, “Uğurlu iştirak” ”Müvəffəqiyyət” və “Fərqlənmə” diplomları ilə mükafatlandırılacaqdır.
Mənbə:> HR-AZ.com