Azərbaycanlı milyarder insan sümükləri üzərində əyləncə mərkəzi tikir – İDDİA
Rusiyanın Sankt-Peterburq şəhər Dumasının üzvü Boris Vişnevski qubernator Georgi Poltavçenkoya müraciət edərək azərbaycanlı biznesmen, "Konrad” şirkətlər qrupunun sahibi, milyarder Vaqif Məmişovun mühasirə qurbanlarının dəfn edildiyi məzarlığın ərazisində tikinti aparmasını dayandırmağa çağırıb.
AzNews.info virtualaz.org-a istinadən xəbər verir ki, Vaqif Məmişovun "Likostroy” adlı şirkəti "Sputnik” kinoteatrının yerində ticarət-əyləncə mərkəzi inşa edir. Deputat tikinti sahəsinə baxış keçirib və bildirir ki, ərazi keçmiş kinoteatrın yerindən çoxdan kənara çıxıb və Farforovsk məzarlığının ərazisinə keçib. Həmin məzarlıqda İkinci dünya müharibəsində Leninqradın alman qoşunları tərəfindən mühasirəsi zamanı həlak olanların dəfn olunduğu aşkarlanmışdı.
"Yanvarın 27-də, Leninqradın mühasirədən azad olunması günü bütün şəhər rəhbərliyi kədərli sifətlərlə Piskarevsk məzarlığı qarşısında dayanmışdı və mühasirə qurbanlarının xatirələrini anırdı. Yaxşı olardı ki, onlar Farforvovsk məzarlığı qarşısında dayanaydılar və Vaqif Məmişovun, yeri gəlmişdən qubernatorun müşavirinin "Likostroy” şirkətinin mühasirə qurbanlarının sümükləri üzərində tikinti aparmasına imkan verməməyədi”-deputat müraciətində bildirir.
Vişnevski deyib ki, şəhər meriyasının tikintiyə nəzarət və ekspertiza Xidmətində ona narahat olmamağı məsləhət görüblər. Deyiblər ki, tikintinin sifairşçisi və podratçısı ərazidə insan qalıqlarının aşkarlanmasına nəzarət edirlər. Lakin deputata görə bu, düzgün deyil. Çünki tikintini aparanlar maraqlı tərəfdir və onlar faktları gizlədə bilərlər. Çünki ərazidə insan qalıqları aşkarlansa qanuna görə tikinti dərhal dayandırılmalıdır.
Mənbə:> Virtualaz.org