Bulvar İdarəsində ciddi maliyyə pozuntuları aşkarlandı – RƏSMİ
Hesablama Palatası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsində ciddi maliyyə pozuntuları aşkarlayıb.
Audit tədbiri Dənizkənarı Bulvar İdarəsi və strukturuna daxil olmayan, tabeliyindəki büdcədən maliyyələşdirilən qurumları olan Dövlət Bayrağı Muzeyi və kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi, eləcə də təsərrüfat hesablı təşkilatları olan “Sahil Xidməti” MMC və “Dənizkənarı Milli Park” MMC-ni əhatə edib. Auditlə ümumilikdə 66454,5 min manat məbləğində vəsait əhatə olunub.
Bəlli olub ki, müsabiqədənkənar işə götürülmüş işçilər dövlət qulluğuna qəbul olunub, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlar verilib, eyni zamanda, dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti başa çatmamış qulluqçuya (stajçıya) mükafat artıq ödənilib, işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənişi zamanı, həmçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib.
Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi tərəfindən ştat cədvəlləri tərtib edilərkən qüvvədə olan normativ-hüquqi aktların tələblərinə riayət olunmayaraq vəzifə maaşları yüksək müəyyənləşdirilib.
“Dənizkənarı Milli Park” MMC tərəfindən xidmət müqaviləsi bağlanılmış hüquqi və fiziki şəxslər üzrə “Özəlləşdirilən dövlət müəssisə obyektlərinin, habelə Nazirlər Kabinetinin “Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qərarının müvafiq tələblərinə tam əməl edilməyib, eyni zamanda, dövlət mülkiyyətində olan torpaq sahələrinə görə icarə müqaviləsi bağlanılmalı olduğu halda, qeyd olunan tələb gözlənilməyərək dövlət büdcəsinə icarə haqqı hesablanmayıb və ödənilməyib, həmçinin pullu xidmət göstərən obyektlərin enerji sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilib.
Hesablama Palatasının kollegiyası İdarədə yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə Kollegiya qərarının surətini, habelə Maliyyə Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məktublar göndərib. Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.
Mənbə:> Xalqxeber.az