Bulvar İdarəsi sahibkarları yoxlayır
Hazırda bütün şöbələrin əsas işi yeni əsasnamənin, ştat cədvəlinin tərtib olunmasına və digər təşkilati məsələlərə yönəlib.
Bu sözləri Axar.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.
Onun sözlərinə görə, İdarə əvvəlki ritmiylə fəaliyyətini davam etdirir:
“Şübhəsiz ki, bütün bu işlər bulvarın təmizliyinə, işıqlı olmasına, obyektlərin fəaliyyətinə və digər məsələlərə mane olmamalıdır. İdarə həmişə olduğu kimi adi iş rejimində, həm də yeni əsasnamənin tərtibində yaxından iştirak edir.
Rəis müavini bulvar ərazisində fəaliyyət göstərən attraksionların qiymətindən də danışıb:
“Atraksionların qiyməti Bulvar İdarəsi tərəfindən təyin edilmir. Həmişə olduğu kimi, qiymətlər sahibkar tərəfindən müəyyən olunur və bu qiymətləri də bazar tənzimləyir.
Bu gün Bulvar İdarəsi attraksionların qiyməti ilə əlaqədar heç bir mövzunu müzakirə etmir. Bu prosesdə hələ ki attraksionlar köhnə qiymətlərlə fəaliyyət göstərəcək.
Hazırda həmin karusellərin hər birinin vəziyyətinə yenidən baxılır, onların yararlı olub-olmaması, sahibkarların işinin öhdəsindən gəlib-gəlməməsi yoxlanılır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 15 yanvar 2016-cı il tarixli fərmanına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.
Mənbə:> Axar.az