İlham Əliyev Hesablama Palatasının səlahiyyətlərini artırdı
Azərbaycan Prezidenti İlham Əliyev “Hesablama Palatası haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Virtualaz.org-un məlumatına görə, indiyədək qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyəti üzrə göndərilməsini nəzərdə tutursa, dəyişiklik edilən variant həm də inzibatı xəta əlamətləri olan hüquqpozmaları əhatə edir.
İndiyədək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdi.
Dəyişikliklərdə isə qeyd edilir ki, Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan materialları müvafiq olaraq, müvafiq icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərəcək.
Mənbə:> Virtualaz.org