Azərbaycan məhsulları məşhur marketlər şəbəkəsində satılacaq
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində vahid “Made in Azerbaijan” ölkə stendi altında məhsullarını təqdim edən yerli şirkətlərimiz “Lulu” marketlər şəbəkəsinin rəhbərləri ilə görüşüblər.
Oxu.Az-a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların “Lulu” marketlər şəbəkəsində satışı barədə geniş fikir mübadiləsi aparılıb.
Bu görüşün uğurlu nəticəsi olaraq “Lulu” marketlər şəbəkəsinin Körfəz regionunda yerləşən bütün mağazalarında Azərbaycan məhsullarının satışının həyata keçirilməsi istiqamətində razılıq əldə olunub.
Qeyd edək ki, “Lulu” marketlər şəbəkəsi Körfəz regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.
Mənbə:> Oxu.Az