Azərbaycanda bu məcburi köçkünlərə dördotaqlı mənzil veriləcək – QƏRAR
Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasına əsasən, yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq müəyyənləşdiriləcək.
Aznews.info Report-a istinadən xəbər verir ki, ailə tərkibi 1 nəfərdən ibarət olanlara - 1 otaq; ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara - 2 otaq; ailə tərkibi 4-5 nəfərdən ibarət olanlara - 3 otaq; ailə tərkibi 6 nəfər və 6 nəfərdən çox olanlara - 4 otaq veriləcək.
Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir.
Sənədə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə veriləcək.
Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçiriləcək.
Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur.
Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir.
Yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar.
Rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir.
Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə.
Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında veriləcək.
Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2 (iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) veriləcək.
Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir.
Məcburi köçkün kirayə müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, bu Qaydaya, onunla bağlanmış kirayə müqaviləsinə və qanunvericiliklə müəyyən edilmiş digər qaydalara əsasən mülki məsuliyyət daşıyır.
Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanmış kirayə müqaviləsi ləğv edilir. Məcburi köçkün ailələrinin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrinə köçürülməsi Komitənin vəsaiti hesabına həyata keçirilir.
Köçürülmə zamanı aşağıdakı hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir:
müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlərə; məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla); digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmış, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son 3 (üç) ildə həmin obyektdə yerləşib yaşayanlara; artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələrə.
Əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmış məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir.
Sənəddə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri də açıqlanıb.
Belə ki, məcburi köçkün 5 gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər.
Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur.
Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidir.
Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər.
Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz.
Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
Mənbə:> Report.az