Ötən il satışa çıxarılan avtomobillərin maksimal qiyməti
Azərbaycanda açıq avtomobil bazarında təklifə çıxarılan avtonəqliyyat vasitələrinin maksimal qiyməti 300-320 min manat civarındadır.
Oxu.Az-ın məlumatına görə, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Ekspert bildirib ki, qapalı avtomobil bazarında təklif olunan avtomobillərin qiyməti isə bəzi hallarda 500 min manatdan yuxarıdır:
“Həmin avtomobillər məhdud dairədə alınıb satıldığı üçün açıq bazarda təklif olunmur”.
R.Osmanlı vurğulayıb ki, dəqiq say məlum olmasa da, 2016-cı il ərzində bahalı avtomobillərin alqı-satqısının həyata keçdiyi barədə məlumatlar var:
“Ancaq bu kateqoriyadan olan avtomobillərin də alqı-satqısı ötən illərlə müqayisədə aşağı düşüb”.
Azərbaycana ümumi avtomobil idxalına gəlincə isə, R.Osmanlı bildirib ki, 2016-cı ilin yekunlarına əsasən, Azərbaycana idxal olunan avtomobillərin sayı 15 mindən aşağı olub:
“Əvvəlki illərdə isə bu rəqəm xeyli yüksək olub. Misal üçün 2014-cü ilin sonunda bu rəqəm 100 mindən çox olub”.
Mənbə:> Oxu.Az