Dövlət Xidməti elektron alış-veriş edənlərə xəbərdarlıq etdi
İnternet vasitəsilə mal (iş, xidmət) alarkən aldanmamaq, rastlaşa biləcəyiniz fors-major hallardan sığortalanmaq və hüquqlarınızın pozulmasına yol verməmək üçün ilk növbədə potensial satıcı tərəfindən adı və ünvanı, internet və elektron poçt ünvanı, telefonu, VÖEN-i, habelə malın (işin, xidmətin) qiyməti və s. barədə məlumatları verib-vermədiyinə diqqət yetirin.
Bu cür məlumatları təqdim etməyən satıcıdan mal almaqdan çəkinin.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirilib.
Qeyd olunan məlumatlar təqdim edildikdə belə sifariş verməzdən əvvəl satıcıdan bu cür malların (işlərin, xidmətlərin) xüsusiyyətləri, çatdırılma xərci, ödəniş və sifarişin icra olunma şərtləri, imtina hüququndan istifadə imkanı, qiymətin qüvvədə olduğu müddət barədə məlumatları tələb edin.
Nəzərə alın ki, satıcının təqdim etdiyi bütün məlumatlar Azərbaycan dilində və ya sizinlə razılaşdırılmış digər dildə, aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır.
Alış-veriş əməliyyatları apararkən təsdiqlədiyiniz sənədə, xüsusilə də tarix və məbləğ bölümlərinə diqqət yetirin. Tam doldurulmamış sənədləri təsdiqləməyin.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: 498-15-01 və 498-15-04).
Mənbə:> Oxu.az