Azərbaycanda 1,2 milyard avro dəyərində zavod tikiləcək
“Tikinti dövründə 4 min, tikintidən sonra isə 1200 nəfər işlə təmin olunacaq”.
Bu gün Bakıda, Sumqayıt şəhərində müasir metallurgiya kompleksinin tikintisinə dair saziş imzalanıb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, saziş “Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda keçirilən tədbir çərçivəsində imzalanıb.
Sumqayıtda yeni metallurgiya kompleksinin inşasına dair saziş Azərbaycanın “Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında imzalanıb.
APA-nın məlumatına görə isə İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, şirkətlər arasında imzalanacaq sazişin dəyəri 1,225 milyard avro olacaq.
“Kompleks dəmir konsentratı, hazır dəmir istehsalını nəzərdə tutan 5 zavodu əhatə edəcək. Kompleks növbəti 3 il ərzində inşa olunaraq istifadəyə veriləcək”, - deyə Ş.Mustafayev bildirib.
Ş.Mustafayev qeyd edib ki, bu zavodun fəaliyyətə başlaması ölkədən valyuta ixracının qarşısını alacaq və valyuta daxil olacaq: “Tikinti dövründə 4 min nəfər işlə təmin olunacaq və tikintidən sonra 1200 yeni iş yerinin yaradılmasına imkan verəcək.
Bu ixracdan asılılığının və ixracı genişləndirilməsi baxımından Azərbaycan hökuməti bu layihəyə dəstək verəcək. Bu layihə Azərbaycan iqtisadiyyatına ciddi töhfə verəcək”.
“Daniele” şirkətinin rəhbəri Canpietro Venedetti bildirib ki, bu layihənin layihələndirilməsi icrasına 6 ay ərzində başa gəlib: “Kompleks tamamilə rəqəmsal bir istehsal olacaq. Məhsullar öz keyfiyyəti ilə seçiləcək və beynəlxalq standartlara cavab verəcək”.
O qeyd edib ki, bu kompleksin inşası yekunlaşdırıldıqdan sonra ölkə illik 500 mln. dollara qənaət edəcək: “Bu kompleksdə 6 min insan kənardan əlavə olaraq özünə iş tapacaq. Bu özəl bir layihədir və xam maldan hazır məhsula qədər əhatə edəcək”.
Mənbə:> Oxu.az