Sədr “çirkli pullar”ın leqallaşdırılmasından danışdı
“Son illərin hadisələri sübut etdi ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə aparmadan və belə halları ləğv etmədən iqtisadi islahatların həyata keçirilməsi və inkişafın sürətləndirilməsi mümkün olmur”.
Oxu.Az xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyilir.
“Dünya təcrübəsi göstərir ki, “çirkli pullar”ın yuyulması (istər ölkə daxilində, istərsə də xaricdə) və korrupsiyanın geniş yayılması ölkənin maliyyə bazarının dayanıqlığını sarsıdır.
Eyni zamanda sübut olunmuşdur ki, qanunsuz yollarla əldə edilmiş pulların və əmlakın leqallaşdırılmasının mümkünlüyü maliyyə hesabatlılığının dürüstlüyündən birbaşa asılıdır.
Beynəlxalq təcrübədə məhz müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlığının mövcudluğu qanunsuz yollarla əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasında və korrupsiyaya qarşı mübarizədə preventiv (qabaqlayıcı) xarakterli tədbir kimi dəyərləndirilir”.
Onun sözlərinə görə, bəzi vaxt auditorlardan və audit xidmətindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasında bir vasitə kimi istifadə edirlər:
“Təəssüf ki, bizim bəzi üzvlərimiz tərəfindən müsbət rəy almış qurumlarda digər yoxlayıcılar tərəfindən ciddi maliyyə-mühasibat pozuntuları aşkarlanması hallarına da rast gəlinməkdədir.
Bu isə yolverilməzdir və istər beynəlxalq audit standartlarının, istərsə də Peşə Etikası Məcəlləsinin tələblərinə tamamilə ziddir və auditor adı ilə bir araya sığmır”, - deyə V.Novruzov bildirib.
Mənbə:> Oxu.Az