Avtomobillərin ehtiyat hissələri xeyli bahalaşıb – QİYMƏTLƏR
“Dolların bahalaşmaqda davam etməsi Azərbaycanda avtomobillərin ehtiyat hissələrini son bir ayda xeyli bahalaşdırıb”.
Oxu.Az xəbər verir ki, bu barədə avtomobil ekspertləri və ehtiyat hissələri satıcıları bildirib.
Ekspertlərin sözlərinə görə, kəskin məzənnə fərqi xaricdən dollarla gətirilən avtomobil ehtiyat hissələrinin qiymətlərinə xeyli təsir edib. Ehtiyat hissələri 40%-dən 2 dəfəyə qədər bahalaşıb.
Dolların bahalaşması ehtiyat hissələrini də bahalaşdırıb
Avtomobillərin və ehtiyat hissələrinin satışı ilə məşğul olan Aley Şamilov bildirib ki, ehtiyat hissələrinin bahalaşmasının əsas səbəbi son bir neçə ayda dolların bahalaşmaqda davam etməsidir.
Belə ki, may ayında dolların məzənnəsi 1,49 dollar idisə, daha sonra 1,63-1,64 manata yüksəldi. Hazırda isə 1,73 manat təşkil edir. Satıcının sözlərinə görə, sentyabrda dolların bahalaşması ilə yaranan ajiotaj qiymətlərin daha da artmasına təsir edib.
Amartizatorlar 75-80% bahalaşıb
Nəticədə mühərrik yağından tutmuş ən iri detallara qədər bütün avtomobil avadanlıqları bahalaşıb. Məsələn, amartizatorların qiymətləri 75-80% arasında artıb. Əvvəl 1998-2000-ci illərə aid “Mercedes C Class” modellərinə aid ön amartizatorlar 50 manat idisə, indi 90 manata kimi bahalaşıb. Avtomobilin arxa amartizatorlarının qiyməti isə 40 manatdan 70 manata yüksəlib.
30 manatlıq əyləc qəlibi indi 40 manatda satılır
Daha çox istifadə edilən detallar arasında əyləc qəlibləri 33-40% bahalaşıb. 25-30 manatlıq ön qəliblər 35-40 manata, arxa qəliblərin qiymətləri isə 20-25 manatdan 30-35 manata qədər artıb.
“Tiyaqa rezin”ində 2 dəfə qiymət artımı
Satıcıların sözlərinə görə, ən böyük artım “tiyaqa rezin”lərindədir. Bu detallar 2 dəfəyə yaxın bahalaşıb. Bir ay əvvəl 7 manata satılan detal indi 12-14 manata təklif edilir.
Mühərrik yağlarında 40% bahalaşma
Qiymət fərqi daha çox istifadə edilən mühərrik yağlarında da hiss edilir. A.Şamilov deyir ki, əvvəl 30-32 manata satılan 5 litrlik mühərrik yağını indi almaq 45 manata başa gəlir. Bu isə 40% bahalaşma deməkdir.
3 manatlıq yağ filtri 6 manata satılır
Filtrlərin qiyməti isə 70-80%-dən 2 dəfəyə qədər artıb. Yağ filtirləri 3 manatdan 6 manata, hava filtirləri isə 10 manatdan 17-18 manata kimi bahalaşıb.
A.Şamilov bildirib ki, sadalanan qiymət artımı daha çox istifadə edilən avtomobillər üzrə göstərilib. Yeni və nisbətən bahalı avtomobillərdə qiymət artımı daha çoxdur.
Mənbə:> Oxu.az