Azərbaycanda 11 bank niyə bağlandı?
Təklif edərdim ki, Azərbaycanda bankların bağlanması məsələsinə bir qədər geniş məzmunda yanaşaq, bank sektorunda yaranmış vəziyyətin səbəblərini ətraflı nəzərdən keçirək.
Aznews.info xəbər verir ki, bu sözləri “Report”a müsahibəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, bank sektoru 2018-ci ilin sonuna yenidən mənfəətə keçəcək:
“Bu gün baş verənlər bütün dünyada gedən, devalvasiya yarışı kimi xarakterizə olunan prosesin məntiqi nəticəsidir. Yaponiyadan tutmuş Amerikaya, Avropadan Afrikaya qədər dünyanın əksər ölkələri öz milli valyutalarını ABŞ dolları qarşısında ucuzlaşdırır.
Bu kimi proseslər bütün dövrlərdə baş verib. Son 25 ilə nəzər yetirsək, 4 dəfə bu cür devalvasiya prosesləri olub. Bu da ABŞ iqtisadiyyatında, onun büdcəsində vəziyyətin yaxşılaşması və ya pisləşməsi ilə bağlı baş verib və hər dəfə də neftin ucuzlaşması ilə müşayiət olunub.
Son nəticədə 1980-ci illərdə Yaponiya böhranı, 1990-cı illərdə Asiya böhranı, 2008-2009-cu illərdə və nəhayət, son illərdə baş verən böhran, hansı ki, bizim iqtisadiyyata da mənfi təsirini göstərir.
Azərbaycanda gedən proseslər də bunun bir tərkib hissəsidir. Biz iqtisadi inkişaf bumu dövrü yaşadıq. Bu dövrdə bank sektoru real istehlakı aşan izafi kreditləşmə həyata keçirdi və bununla da digər ölkələrdə baş verən proseslər Azərbaycanda da təkrar olundu.
Təcrübə göstərir ki, bütün iqtisadiyyatlar gec-tez böhrandan çıxır və çıxacaq. Amma nəzərə almaq lazımdır ki, ABŞ sonuncu böhrandan çıxmaq üçün 11,6 trln. dollar xərclədi. Bu məbləğ indiyə qədər müxtəlif böhranlardan çıxmaq üçün sərf edilmiş vəsaitin məcmusundan çoxdur, çünki iqtisadiyyatlar həddindən çox böyüyüb.
Azərbaycan iqtisadiyyatı da ümumi daxili məhsulun həcminə nisbətdə təxminən 3 dəfə böyüdü və bank sektoru da buna uyğun artım nümayiş etdirdi, böyük həcmdə kreditlər verildi və kreditləşmə real istehlakı aşdı, real gəlirləri üstələdi.
Yaranmış vəziyyət yeni idarəetmə strukturlarının yaranmasını zəruri etdi. Təbii ki, dövlət bu prosesə qarışdı, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Maliyyə Sabitliyi Şurası yaradıldı, bank qanunvericiliyinə dəyişikliklər edildi, “məsuliyyətli kreditləşmə” siyasətinə keçildi. Hazırkı mərhələdə əsas məsələ odur ki, biz yeni dövrə bazar iqtisadiyyatının prinsiplərinə toxunmadan keçməliyik. Bu isə elə də asan deyil, problemlərsiz ötüşmür və həm fərdi təsərrüfatlar, həm də biznes subyektləri kreditlərin ödənilməsində çətinlik çəkirlər.
Banklar isə ödənişlərdəki gecikmələrdən yaranan itkiləri qarşılamaq üçün böyük həcmdə ehtiyatlar yaradır. Bu isə adətən kapitalın azalması hesabına baş verir. Bəzi banklar MBNP-nin tələbi ilə əlavə kapitalaşma həyata keçirir, amma istənilən halda bankların balansında zərər yaranır.
Bu il bank sektoru zərərdədir, amma 2018-ci ilin sonuna mənfəətə keçəcəyini proqnozlaşdırırıq (dövlət bankları, o cümlədən Azərbaycan Beynəlxalq Bankı (ABB) istisna olmaqla)”.
Mənbə:> Report.az