Türkmənistan əhalisi sentyabr ayının maaşını gözləyir
Son günlərdə Türkmənistanın “qara bazar”ında dolların qiyməti 7,80 manat civarında dəyişməkdədir. Yerli mətbuat Saparmurat Niyazovun dövründəki vəziyyətlə hazırkı vəziyyəti müqayisə edib.
Virtualaz.org Türkmənistan mətbuatına istinadən xəbər verir ki, Niyazov hakimiyyətinin sonlarında 1 ABŞ dolları bu ölkədə 5 manata bərabər olub. Başqa sözlə, valyuta 1,5 dəfə bahalaşıb.
2006-cı ilin avqustunda qəndin 1 kiloqramı 4 manat idisə, indi 7 manatdır. Hələ o şərtlə ki, birdəfəyə 50 kiloqramlıq kisə ilə alasan. Daha az çəkidə qiymət qalxır.
Mal ətinin qiyməti o vaxt 9 manat idisə, indi 18 manatdır.
Türkmənistanda qiymətlər yalnız 10 il əvvəllə müqayisədə qalxmır. Son bir neçə həftə ərzində yerli istehsal tərəvəz bahalaşıb. Məsələn 0,50 manata satılan kök indi 1.20 manata, 0,60 manata satılan soğan 1 manata, 2-3 manata satılan alma 5 manatadır.
Yerli ekspertlərin fikrincə, bahalaşmanın sürətinin azalmasına səbəb insanlarda pulun olmamasıdır. Çünki avqust ayının maaşı xərclənib qurtarıb, sentyabr-oktyabr aylarının maaşı isə hələ verilməyib.
Mənbə:> Virtualaz.org