Neftin qiyməti ucuzlaşır
Rusiyanın Energetika nazirinin açıqlaması neftin qiymətini aşağı salır.
Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,85% azalaraq 51,49 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,92% ucuzlaşaraq 49,35 dollar təşkil edib.
APA-nın məlumatına görə isə neftin ucuzlaşmasına birjalardakı spekulyasiyalar səbəb olub. Belə ki, birja iştirakçıları OPEK və qeyri-OPEK ölkələrinin İstanbulda keçirilən Beynəlxalq Enerji Konqresi çərçivəsində baş tutacaq görüşünün effektiv olacağına şübhə ilə yanaşırlar. Həmin görüşdə neftin hasilatının dondurulması müzakirə olunacaq.
Sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEK üzvləri sutkalıq neftin hasilatını 32,5 - 33 mln. barel səviyyəsində dondurmağı razılaşdırıb. Lakin ayrı-ayrı ölkələr üçün hər hansı limitlə (kvota) bağlı razılıq yoxdur.
Yekun qərar noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşdə veriləcək. OPEK bu razılaşmaya başda Rusiya olmaqla, digər ölkələrin də qoşulmasını istəyir. Bu məsələ Beynəlxalq Enerji Konqresi çərçivəsində baş tutacaq qeyri-formal görüşdə də müzakirə olunacaq. Bir çox analitiklər hesab edir ki, məhz bu görüşdən sonra bazarda müəyyənlik yaranacaq.
Lakin indi investorlar nədənsə İstanbuldakı görüşün məşvərət xarakterli olacağını deyən Rusiyanın energetika naziri Aleksandr Novakın açıqlamalarına köklənib. Bununla yanaşı, nazir əlavə edib ki, Rusiya noyabrın sonunda OPEK üzvlərinin keçirəcəyi görüşünə böyük ümidlər bağlayır.
Mənbə:> Oxu.az