Vergilər Nazirliyi offşorlarda gizlədilən pulları belə tapacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Vergilər Nazirliyi offşorlarda gizlədilən pulları belə tapacaq

Vergilər Nazirliyi offşorlarda gizlədilən pulları belə tapacaq


Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş vergi sahəsində aparılacaq islahatların istiqamətlərindən biri də ölkə rezidentlərinin offşor zonalarda yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin qurulmasıdır.

Oxu.Az-a Vergilər Nazirliyindən verilən məlumata görə, bunu Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, BMT-nin Vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin üzvü Ülvi Yusifov deyib.

Onun sözlərinə görə, offşor zonalarda təsis edilmiş müəssisələrin gəlirləri və faktiki sahibləri haqqında məlumatlar ciddi şəkildə qorunur və həmin ərazilərdə müəssisə yaradılması üçün hər hansı real biznes fəaliyyətinin həyata keçirilməsi tələb edilmir.

“Offşor zonaların bu xüsusiyyətlərindən istifadə edərək bəzi vergi ödəyiciləri faktiki təsis edildikləri və fəaliyyət göstərdikləri normal vergitutma rejiminə malik olan dövlətlərdə bəyan olunmalı gəlirlərini müxtəlif sxemlər vasitəsilə vergilərin daha aşağı olduğu və ya ümumiyyətlə, vergi ödənilməyən offşor zonalara köçürür və bununla da gəlirin əldə edildiyi dövlətin vergitutma bazasının aşınmasına və vergi daxilolmalarında itkilərə səbəb olurlar.

Bir sıra hallarda vergi ödəyiciləri yekun vergilərini minimallaşdırmaq üçün xarici dövlətlərə investisiya qoyuluşlarını birbaşa xarici investisiya formasında deyil, offşor ərazidə təsis etdikləri şirkətlərin vasitəçiliyi ilə həyata keçirir, hətta özlərinin rezident olduqları dövlətlərdə belə, bizneslərini birbaşa deyil, offşor müəssisənin nümayəndəliyi formasında qururlar.

Vergi ödəyiciləri tərəfindən bəyan edilməli olan verginin azaldılmasının ən geniş yayılmış üsullarından biri xarici dövlətlərdən olan kontragentlərlə mal və ya xidmətlərin alğı-satqısı əməliyyatlarının birbaşa deyil, özlərinin təsis etdiyi offşor müəssisənin vasitəçiliyi ilə həyata keçirilməsidir.

Bu zaman əməliyyat malın və ya xidmətin alınması ilə bağlıdırsa, adətən, onların qiyməti xərclərə aid edilərək vergitutma bazası azaldılır, lakin həmin xərcin hamısı kontragentə ödənilmir və vergiyə cəlb olunmadan offşor yurisdiksiyada toplanır.

Yaxud əksinə, əməliyyat malın və ya xidmətin satışı ilə bağlıdırsa, satılan mala və ya xidmətə görə alınacaq ödənişin bir hissəsi yenə də offşorda qalır. Bundan başqa, mal və ya xidmət alğı-satqısı ilə bağlı əməliyyatlardan vəsaitlərin offşorlarda və ya offşor olmayan, lakin daha aşağı vergilərin tətbiq edildiyi dövlətlərə köçürülməsi qiymət manipulyasiyaları vasitəsilə də reallaşdırılır”, - deyə Ü.Yusifov vurğulayıb.

Nazirlik rəsmisi qeyd edib ki, bunlar nəzərə alınaraq ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş islahatlar çərçivəsində transfer qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması nəzərdə tutulur.

Ü.Yusifov qeyd edib ki, transfer qiymətləndirilməsi qarşılıqlı surətdə asılı olan şəxslər arasında, xüsusilə də törəmə şirkətlərlə baş ofis və yaxud baş ofisin digər filial və nümayəndəlikləri arasında malların və xidmətlərin təqdim edilməsi ilə bağlı əməliyyatlarda qiymətlərin adi bazar şəraitində formalaşan qiymətlərdən fərqli müəyyənləşdirilməsi hallarına münasibətdə tətbiq edilir:

“Müstəqil müəssisələr arasında əməliyyatlar aparılan zaman onların razılaşdırdıqları şərtlər və qiymətlər müstəqil surətdə bazar amillərinin təsiri altında formalaşır. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında əməliyyatlar aparılan zaman isə qiymətin əmələ gəlməsinə təsir edən amillər təkcə sərbəst bazar amilləri deyil, əksər hallarda bu əməliyyatların qiymətlərinə ümumi mənfəətin artırılması və bütün qrupun yekun vergisinin minimallaşdırılması məqsədi də təsir göstərir.

Vergi orqanları tərəfindən transfer qiymətlərinin müəyyənləşdirilməsinin məqsədi də qarşılıqlı əlaqəli müəssisələr arasında aparılan əməliyyatlarda formalaşan qiymətlərin müstəqil müəssisələr arasında analoji şərtlərdə formalaşa biləcək bazar qiymətlərinə uyğunluğunun təmin edilməsi və hesablanmış transfer qiymətləri əsas götürülməklə vergilərin hesablanması və ya bəyan edilmiş vergi məbləğlərinə düzəliş edilməsindən ibarətdir.

Dünyada mövcud olan transfer qiymət əmələ gəlməsi sistemlərinin əksəriyyətinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının standartları və qaydalarına əsaslanmasına baxmayaraq, bu prinsiplərdən kənarlaşmalar da mövcuddur”.

“Ölkə başçısının sərəncamı ilə müəyyənləşdirilmiş islahatların həyata keçirilməsi nəticəsində yaradılması nəzərdə tutulan və offşorlarda təsis edilmiş müəssisələrin iştirakı ilə müxtəlif sxem və strukturlardan istifadə edərək gəlirlərini Azərbaycan Respublikasında vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsinə xidmət edəcək mexanizmlərin, eləcə də transfer qiymətlərinin tətbiqi ilə bağlı qanunvericilik və inzibatçılıq prosedurlarının məqsədi bu cür halların qarşısının alınması və bu yollarla vergidən yayındırılan məbləğlərin qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb edilməsini və bununla da vergi daxilolmalarının artımını təmin etməkdən ibarətdir”, - deyə Ü.Yusifov əlavə edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *