Dörd tondan çox kartof satışdan çıxarıldı
Məhsulda güvə xəstəliyi, nitratın miqdarının çoxluğu aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Şəki rayonunda 195 kq karantin tətbiq edilən zərərli orqanizmlərdən olan kartof güvəsi ilə yoluxmuş, mənşəyi Tovuz rayonuna məxsus olan kartof məhsulu aşkar edilib.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Kartof güvəsinin təhlükəliliyi nəzərə alınaraq məhsul karantin tətbirləri sisteminə riayət etməklə məhv edilib.
Bundan əlavə, Cəlilabad rayonunda 3800 kq kartof güvəsi ilə sirayətlənmiş kartof məhsulu və tərkibində nitratın miqdarı normadan artıq olduğu üçün 135 kq üzüm məhsulu satışdan çıxarılaraq məhv edilib.
Kartof güvəsi kartofun, badımcanın, pomidorun, bibərin, tütünün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir.
Anbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilir. Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır.
Güvə ən çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir. Tırtıllar tərəfindən zədələnmiş tütün yarpaqları siqaret hazırlanması üçün yaramır.
Kütləvi çoxaldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici 25-80% məhsul itkisinə səbəb olur.
Mənbə:> Oxu.az