Neftdən gəlirimiz üç dəfədən çox azalıb
2016-cı ilin ilk 8 ayı ərzində Azərbaycandan 4 milyard 165 milyon 218 min dollarlıq xam neft ixrac olunub.
Oxu.Az-ın məlumatına görə, “Marja” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, 2015-ci ilin ilk 8 ayı ilə müqayisədə xam neft ixracı 35% azalıb.
2015-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 6 milyard 394 milyon 879 min dollarlıq, 2014-cü ilin 8 ayı ərzində isə 13 milyard 129 milyon dollarlıq xam neft ixrac olunmuşdu. Beləliklə, son 2 ildə neftdən gəlirimiz 3 dəfədən çox azalıb.
2016-cı ilin ilk 8 ayı ərzində Azərbaycandan 236 milyon 435 min dollarlıq neft məhsulları (56% azalıb), 632 milyon 993 min dollarlıq təbii qaz (46% azalıb), 8 milyon 882 min dollarlıq elektrik enerjisi ixrac olunub (23% azalıb).
Qeyd edək ki, 2015-ci ilin ilk 8 ayı ərzində Azərbaycandan 1 milyard 167 milyon 173 min dollarlıq təbii qaz ixrac olunmuşdu.
Mənbə:> Oxu.az