Vergi ödəyiciləri üçün “İkitərəfli SMS” xidməti ödənişsiz oldu
30 mindən çox vergi ödəyicisi bu xidmətdən faydalana biləcək.
Vergilər Nazirliyi tərəfindən 2012-ci ildən etibarən “İkitərəfli SMS xidməti”nin tətbiqinə başlanılıb.
İndiyə kimi “İkitərəfli SMS xidməti” vasitəsilə yalnız xidmətə “Azercell” nömrələri ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 10 istiqamətdə, xidmətdən sorğu vasitəsilə istifadə edən şəxslərə isə 3 istiqamətdə məlumatlar göndərilirdi.
“İkitərəfli SMS xidməti” vasitəsilə vergi ödəyicilərinə göndərilən məlumatların genişləndirilməsi məqsədi ilə görülmüş işlər nəticəsində 2014-cü ilin noyabrından etibarən abunə olmuş şəxslərə əlavə 11, xidmətdən sorğu vasitəsilə istifadə edən şəxslərə isə əlavə 2 istiqamət üzrə məlumatların göndərilməsi də təmin edilib.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
Hazırda “İkitərəfli SMS xidməti” vasitəsi ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21, xidmətdən sorğu vasitəsilə istifadə edən şəxslərə isə 5 istiqamətdə məlumatlar göndərilir. Artıq digər mobil operatorların (“Bakcell”, “Nar”) abonentlərinə bu xidmətdən istifadə etmək imkanı yaradılıb.
“İkitərəfli SMS xidməti”nə olan marağı, eləcə də bu xidmətin əhəmiyyətini nəzərə alaraq, ondan daha səmərəli istifadə edilməsi məqsədilə xidmətin tanıtdırılması yolları müzakirə edilir.
Müzakirələr nəticəsində “Azercell” nömrələrindən istifadə edən və fəaliyyəti aktiv olan 30 min vergi ödəyicisinə, eləcə də SMS xidmətindən istifadə üçün qeydiyyatdan keçmiş, lakin abunə olmamış şəxslərə ödənişsiz abunəlik xidmətinin 3 ay müddətinə aktivləşdirilməsinə dair icraçı şirkətlə razılıq əldə edilib.
Beləliklə, yaxın günlərdə 30 mindən çox vergi ödəyicisi “İkitərəfli SMS xidməti”ndən ödənişsiz şəkildə faydalana biləcək.
Mənbə:> Oxu.az