Elman Rüstəmov ilin ən yaxşı baş bankirləri reytinqində gerilədi
“Global Finance” jurnalı “The World’s Central Bankers 2016” reytinqini açıqlayıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, reytinqdə ənənəvi olaraq dünyanın mərkəzi banklarının rəhbərlərinin fəaliyyəti qiymətləndirilib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov “D” reytinqinə layiq görülüb.
Qeyd edək ki, ötən il jurnal Azərbaycanın baş bankirinə “C” reytinqi verib. Beləliklə, E.Rüstəmov reytinqdə geriləyib.
Nəşr Azərbaycanı Asiya ölkələri sırasında göstərib. E.Rüstəmov isə həmin regionda ən aşağı reytinq alan baş bankirdir. Həmin bölgənin ən yaxşı baş bankiri Filippin Mərkəzi Bankının rəhbəri Amando Tetanqkodur (Amando Tetangco).
Həmin regionda göstərilən Avstraliya, Şri-Lanka, Banqladeş, Malayziya, Vyetnam və Hindistanın baş bankirlərinə reytinq verilməyib.
Ümumilikdə, ilin ən yaxşı bankirləri, yəni “A” reytinqinə malik olan baş bankirlər bunlardır: Karnit Fluq (İsrail), Riad Salame (Livan), Karlos Fernandez Valdovinos (Paraqvay), Xulio Velarde Flores (Peru), Elvira Nabiullina (Rusiya), Fai-Nan Pernq (Tayvan), Mark Karni (Böyük Britaniya).
Onların ardınca (“A-“ reytinqinə malik olanlar) isə bunlardır: Ziad Fariz (İordaniya), Agustin Carstens (Meksika), Abdellatif Jouahri (Mərakeş), Canet Yellen (ABŞ).
Mənbə:> APA