Azərbaycanda bankların nizamnamə kapitalı yetərlidirmi?
“Hazırda bankların nizamnamə kapitalının artırılması günün tələbindən doğur. Banklara əhalinin inamının artırılması, depozitorların mənafeyinin qorunması baxımından bankların kapitallaşmaya olan meyilinin artması başadüşüləndir.
Kapitallaşma bank sektorunda maliyyə dayanıqlılığının artırılması baxımından da çox vacibdir. Digər tərəfdən gələcəkdə “Bazel-3” standartlarının Azərbaycanda tətbiqi gözlənilir ki, bu da kapitallaşmaya diqqət yetirməyi zəruri edir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev bu gün Azərbaycanda bankların nizamnamə kapitalı yetərlidirmi? Həcm nə qədər olmalıdır ki, bank sektorunda etibarlılıq təmin edilsin? suallarına cavab olaraq deyib.
“Statistikadan məlumdur ki, 2015-ci ildə ölkə üzrə ÜDM-in həcmi 55 milyard manata yaxın olub. Bank aktivlərinin həcmi isə ilin birinci rübünə 33,7 milyard manat təşkil edib. Beləliklə, bank sektorunda maliyyə dərinliyi, başqa sözlə, bank aktivlərinin həcminin ÜDM-ə nisbəti təxminən 60% təşkil edir.
Nəzərə alsaq ki, Avropada bu nisbilik 100-150 və daha artıq səviyyədədir, əlbəttə ki, bizdə bu sahədə nisbət göstəricisinin daha artıq olması arzuolunandır.
Bu sahədə görülən tədbirlər sırasında hər bir bankın öz nizamnamə kapitalının artırılması barədə verilən qərardır və ümid edirik ki, bu proses sonra da davam etdiriləcəkdir.
Ən son nizamnamə kapitalını artırmaq qərarını vermiş banklardan biri kimi “Dəmirbank”ın adını qeyd edərdim. Əlavə səhm emissiyası nəticəsində “DəmirBank”ın səhmdar kapitalı 3 dəfə artaraq aktivlərindəki payına görə ölkənin ən yüksək kapitallaşmaya malik olan maliyyə təşkilatlarından birinə çevriləcək.
Bu isə bankın dayanıqlılığının göstəricisi olmaqla stabil inkişafından xəbər verir”, - deyə R.Ağayev qeyd edib.
Mənbə:> Oxu.Az