İki bank təkrar bazara qayıda bilər
Onlar Ali Məhkəmənin qərarını gözləyir.
Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyalarını ləğv etdiyi “Atrabank” və “Qafqaz İnkişaf Bankı” ASC-lər fəaliyyətini bərpa etmək üçün Ali Məhkəmənin qərarını gözləyir.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Report”a açıqlamasında “Atrabank”ın İdarə Heyətinin sədr müavini Namiq Səmədov məlumat verib.
“Artıq Ali Məhkəməyə də müraciət etmişik, amma hələ ki, bizim işimizə nə vaxt baxılacağı məlum deyil. Əgər Ali Məhkəmə müsbət qərar qəbul edərsə, fəaliyyətimizi bərpa edəcəyik.
Əks təqdirdə, hər iki banka ləğvedici təyin olunmalıdır ki, əmanətlərin qaytarılmasına başlanılsın. Hazırda banklarda ancaq müvəqqəti inzibatçılar işləyir, onlar da əmanətləri qaytarmağa icazə vermirlər”, - deyə N.Səmədov bildirib.
Xatırladaq ki, “Atrabank” və “Qafqaz İnkişaf Bankı” konsolidasiyaya getmək şərti ilə bazara qayıtmağa çalışır. Bunun üçün onlar, ilk növbədə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə bankların xeyrinə qərar verib.
Bundan sonra, AMB həmin qərardan apellyasiya şikayəti verib. Mayın 10-da Bakı Apellyasiya Məhkəməsi AMB-nin iddiasını təmin edib. Hazırda isə banklar AMB-nin səlahiyyətlərinin bir qisminin ötürüldüyü Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məhkəmə çəkişməsindədir.
Xatırladaq ki, AMB “Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın lisenziyalarını bu il yanvarın 27-də ləğv edib və hər iki banka müvəqqəti inzibatçı təyin olunub. Qurum öz qərarını bankların məcmu kapitalla bağlı minimum tələbə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqələndirib.
Lisenziyalarının ləğvindən sonra banklar birləşmək haqqında niyyət protokulu imzalayıb. Əvvəlcə həmin birləşmədə “Günaybank” ASC-nin də iştirakı gözlənilsə də, daha sonra “Günaybank” birləşmədən imtina edib, fəaliyyətini sərbəst davam etdirəcəyini açıqlayıb.
Mənbə:> Oxu.az