Enerjinin bahalaşması 3,5 manat əlavə xərc yaradır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Enerjinin bahalaşması 3,5 manat əlavə xərc yaradır

Enerjinin bahalaşması 3,5 manat əlavə xərc yaradır


Hazırda Azərbaycanda elektrik enerjisinin 1 kilovatına görə qiyməti əksər dünya ölkələrindən kifayət qədər aşağıdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə iyulun 15-dən elektrik enerjisinin qiymətində artım olub.

Bu barədə AzNews.info AzərTAc-a istinadən xəbər verir.

Tarif tənzimlənməsindən sonra əldə ediləcək gəlirlər müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan işçilərin əmək haqlarının artırılmasına xidmət edəcək.

Azərbaycanda elektrik enerjisinə görə tariflər sonuncu dəfə 2007-ci ildə dəyişdirilib. Ötən 10 il ərzində digər ölkələrdə qiymətlərin böyük faizlərlə və yaxud bir neçə dəfə artmasına baxmayaraq, Azərbaycanda qiymətlər sabit saxlanılıb.

Lakin indiki şəraitdə Tarif (qiymət) Şurasının qərarına əsasən, 1 kilovat-saat elektrik enerjisinin topdan satış qiyməti 4,3 qəpik, pərakəndə satış qiyməti isə 7 qəpik müəyyənləşdirilib.

Tarif (qiymət) Şurası katibinin müavini Ceyhun Nəcəfov bildirib ki, əsas məqsəd enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafıdır.

2007-ci ildən bəri elektrik enerjisi istehsalına dövlət tərəfindən kifayət qədər investisiya yatırılıb. Nəticədə elektrik enerjisində istehsalın gücü 5 min 600 meqavatdan 7 min 200 meqavata çatdırılıb. Həmin dövr ərzində abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu keçib.

“Azərbaycandakı yeni tariflər əksər region ölkələrindəki tariflərdən əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, Türkiyədə 1 kilovat elektrik enerjinin qiyməti 10-32 qəpik arasında, Gürcüstanda təxminin 9-14 qəpik, Qazaxıstanda yuxarı həddə tarifi 9 qəpik, ortalama tarif isə 7,2 qəpik səviyyəsindədir”, - deyə C.Nəcəfov əlavə edib.

Ermənistanda isə elektrik enerjisinin qiyməti son 3 ildə 100-150% artıb. 2015-ci ilin statistikasına görə elektrik enerjisinin tarifləri Ukraynada 48%, Moldovada 34%, Latviyada 20%, Belarusda 16%, Bolqarıstanda 13%, Böyük Britaniyada 11%, Rusiya və Qazaxıstanda 8% artıb. Sosial ölkə hesab olunan Danimarkada istehlakçılar 1 kilovat elektrik enerjisinə görə 52 qəpik, İsveçdə isə 32 qəpik ödəməlidirlər. Böyük neft istehsalçısı olan Norveçdə 1 kilovat elektrik enerjisinin qiyməti 2015-ci ildə 27 qəpik təşkil edib.

Ölkəmizdə yeni tariflər iyulun 15-dən qüvvəyə minir və bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.

“Azərişıq” ASC-nin sədrinin müşaviri Vüqar Əliyev deyib ki, istehsalçının və paylayıcı şəbəkənin balansına xeyli tikili, qurğu, ötürücü qurğu, maşın və avadanlıqlar qəbul edilib. Bu da saxlanma və təmir xərclərinin artımını şərtləndirib. Əhali qrupu üzrə abonentlərinin sayğacla təmin edilməsi ödənişsiz olaraq paylayıcı şəbəkə tərəfindən həyata keçirilir.

“Mövcud qiymətləndirmə ilə götürsək şəbəkənin fəaliyyətinin dəyəri bu qiymət artımından daha çoxdur. Dövlət, Tarif (qiymət) Şurası yenə sosial qərar qəbul edərək daha böyük qiymət artımına getməyib.

Abonentlərin orta statistik aylıq sərfiyatı Bakı şəhəri üzrə təxminən 350 kilovat-saat, bölgələr üzrə 250 kilovat-saatdır. Bakıda qiymət artımı 3,5 manat, rayonlarda isə qiymət artımı təxminən 2,5 manatdır.

Dörd nəfərlik ailədə isə bu adambaşına 70 qəpik edir”, - deyə V.Əliyev bildirib.
Yeni qərar “Azərişıq” və “Azərenerji”nin gəlirlərinin artmasına, onların dövlət büdcəsindən asılılığının azalmasına şərait yaradacaq.

Bu dəyişikliklər elektrik enerjisi istehsalı və təchizatı sahəsində çalışan 18 min nəfərdən çox insanın əmək haqlarının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər həyata keçirməyə imkan verəcək. İstehlakçıların elektrik enerjisi sərfiyatına daha qənaətlə yanaşmasını və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *