Heç bir qurum online alış-verişə görə məsuliyyət daşımır
İnternet üzərindən məhsul alarkən sertifikat tələb edilməlidir.
İnformasiya texnologiyalarının inkişafı nəticəsində elektron ticarətin meydana gəlməsi və bunun demək olar ki, iqtisadiyyatın bütün sahələrinə nüfuz etməsi vergi tutma sahəsində yeni və kifayət qədər mürəkkəb problemlərin əmələ gəlməsinə səbəb olub.
ANS PRESS-in məlumatına görə, bu sahədəki çətinliklər daha çox texniki xarakter daşıyır. Məsələn, vergi ödəyicisinin fəaliyyət göstərdiyi yerin müəyyən olunması ilə bağlı meydana çıxan məsələlər. Bəzən internet-mağazanın fəaliyyətinə nəzarət etmək çətin olur. Vergilər Nazirliyi bunu mal satışını "online" həyata keçirən internet-mağazanın bəzən nəinki satış binası, hətta ofisi, anbarı və işçilərinin də olmaması ilə əsaslandırır. Amma bu barədə bir az sonra...
Şikayətçi Hüseyni Pərviz deyir ki, elektronika mallarının satışı ilə məşğul olan yerli saytdan bir il bundan əvvəl iki telefon sifariş verib. Telefonlardan biri qüsurlu çıxdığından dərhal sayta bu barədə məlumat verib və telefonu qaytarıb.
Bir-iki ay digər telefonu da işlətdikdən sonra onun da qüsurlu olduğunu görən gənc onu da geri qaytarmaq və ya təmir üçün şirkətlə əlaqə saxlamaq istəsə də onları tapa bilməyib.
“Əvvəllər bu saytın ofisi Bakıda yerləşirdi. Mən özüm onların ofisində olmuşam. Amma devalvasiyadan sonra şirkətin də vəziyyəti pisləşdiyindən o buradan köçüb. Sosial şəbəkə vasitəsilə onlarla əlaqə saxladım və telefonu məndən təmir adı ilə aldılar. Artıq 5 ay keçib, hələ də nə telefonu vermirlər, nə də pulumu qaytarırlar. Nə vaxt soruşuram, deyirlər servisdədir, təmir olunur. Mən nə edim, hara gedim, kimə şikayət edim?”, - deyə Pərviz hiddətini bildirdi.
Onun sözlərinə görə, bu e-ticarət şirkəti təkcə onu deyil, yüzlərlə belə insanı aldadıb. Amma onlar kimə müraciət etməli olduqlarını bilmirlər.
İnsanların elektron cihazları, geyimləri və s. əşyaları online sifariş vermələrinə səbəb onların adi dükanlardan olan qiymətindən iki dəfə daha ucuz olmasıdır. Hüseyni Pərviz də məhz buna görə telefonları mağazadan deyil, sosial şəbəkə vasitəsi ilə almaq istəyib. Müsahibmiz deyir ki, onun aldığı telefon mağazalarında 300 dollara (449 AZN) yaxın olduğu halda, o, telefonu saytdan 215 dollara (322 AZN) alib.
Təbii ki, qiymət fərqini görən hər kəs online alışa daha çox üstünlük verər. Amma məhsulların qüsurlu olmasına və ya son zamanlar özəlliklə məşhurlaşan ev yeməklərinin online sifariş vasitəsi ilə alınan şirniyyat və ya xörəklərdən insanların zəhərlənməməsinə kim zəmanət verir? Ölkəmizdə bu cür hallara görə məsuliyyət daşıyan bir qurum varmı?
Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov deyir ki, elektron ticarət haqqında qanun olmadığından onlayn ticarətin lisenziyalaşdırılması və ya xüsusi razılıq tələb etməsi ilə bağlı hər hansı qanunverici tələblər yoxdur.
“Müvafiq qanunvericilik olmadığından, insanlar onlayn əldə etdikləri malları aldıqlarını sübut edən heç nəyə malik deyil. Məsələn, siz mağazadan nəsə alırsınızsa, sizə kassa çeki verilir. Sabah, Allah iraq eləsin, nəsə olarsa, əlinizdəki çek imkan verəcək ki, malın ordan alındığını sübut eləyə biləsiz. Onlayn alışlarda siz yalnız pulu ödəyirsiz və təsdiqedici heç nə almırsınız. Düzdür burada istisnalar var. Məsələn, realda mağazası olan online ticarətlə məşğul olan şirkətdən istənilən bir məhsul alarkən sizə kassa çeki də təqdim olunur. Amma evdə fərdi qaydada şirniyyat bişirən və satan şəxslər çox hallarda ümumiyyətlə vergi qeydiyyatından keçməmiş fərdi şəxslərdir. Onlar sizə heç nə təqdim etmir və nəticədə baş verə biləcək xoş olmayan hadisədən heç kim sığortalanmır”.
E-ticarət həyata keçirən bir sıra şəxslər düzgün olmayaraq hesab edirlər ki, onların fəaliyyəti virtual aləmdə olduğu üçün onlara sertifikat lazım deyil və onlar vergi ödəməyə bilərlər. Demək olar ki, dünyanın heç bir dövlətinin vergi orqanı belə yanaşma ilə razı deyil. Belə ki, vergi orqanlarının fikrincə internet sadəcə olaraq satıcı ilə alıcı arasında əlaqə növüdür və onlar arasında aparılan sövdələşmələrin nəticəsi üzrə yaranan vergi öhdəliklərini ləğv edə bilməz.
Elə beynəlxalq təcrübəyə nəzər yetirsək görərik ki, orada fəaliyyət göstərən hər bir e-ticarət öz ölkəsinə buna görə vergi verdiyini görə bilərik. Bunun üçün ölkə də çox əziyyət çəkmir. Çünki onlayn satış həyata keçirənlər özləri buna meyl göstərirlər. Bütün dünyada tanınan “Ebay” elektron hərracın direktoru öz çıxışlarının birində qeyd etmişdi ki, adi dükanlardan alınan məhsuldan daha çox online alınan məhsula görə hər kəs narahat olur. Ona görə də vergi ödəyərək həm satıcı işini asanlaşdıra bilər, həm də alıcının narahatlığına son qoyula bilər.
Bu sahədə mövcud vəziyyəti tənzimləmək üçün Vergilər Nazirliyi ötən il "Elektron ticarət haqqında" qanun layihəsi hazırlayıb və bunu Nazirlər Kabinetinə təqdim edib. Çünki Vergilər nazirliyi də bununla bağlı yeni qanun tənzimləməsininin lehinədir.
Araşdırma nəticəsində təəssüf ki, bir çox internet mağazaların qanunvericilik tələblərindən xəbərdar olmadıqları müəyyən oldu. Bu çox təhlükəlidir ki və aiddiyyatı qurumların faciə baş verməmiş hərəkətə keçməsi vacibdir. Hər halda intenet vasitəsi ilə məhsul alıb onun qüsurlu olduğu ilə bağlı problem yaşayanlar, sabah fərdi şəxslərdən "online" yemək sifariş verib, ölümlə də üz-üzə qala bilərlər. Gəlin, bir az məsuliyyətli olaq və düşünək...
Mənbə:> ANSPRESS