Elektron poçt qutuları » AzNews.info -Xəbər portalı

Elektron poçt qutuları

Elektron poçt qutuları


Azərbaycanda Elektron Poçt Platformasının hazırlanması nəzərdə tutulur. Bu, dünya ticarət platformasına uyğun olaraq, daxili ticarət üçün sifarişlərin elektron formada verilməsini nəzərdə tutur. Bir sözlə, ölkəmizdə yeni internet mağaza fəaliyyət göstərəcək.

ANS PRESS son dövrlərdə ölkəmizin ənənəvi poçt sistemində baş verən yeniliklər, göndərilən və daxil olan bağlamaların statistikası, Operativ Mobil Bnkçılıq layihəsi, xaricdən və daxildən poçt göndərmələrinin, məktubların çatdırılması, rüsumun ödənilməsi və s. ilə bağlı suallara aydınlıq gətirib.

Təbii ki, bu məsələlərdə milli operator kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti mühüm rol oynayır. Qurum hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxlərə münasib qiymətlərlə ənənəvi qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir. Bütün poçt şöbələrinin müasir standartlara uygun kompüterləşməsi, texniki avadanlıqla tam tachizatı və informasiya texnologiyalarının ən son naliyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xibmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tam təminat verir.

"Azərpoçt"dan bildirilib ki, nəzərdə tutulan Elektron Poçt Platforması layihəsi ancaq daxili bazar üçün mal sifarişlərinin reallaşdırılmasını nəzərdə tutur. "Azərpoçt" sadəcə sifariş olunan malların, bağlamaların, məktubların ənənvi olaraq çatdırılması ilə məşğul olacaq və buna görə ödənən rüsumlara görə gəlirlərini artıracaq.

Ümumiyyətlə, indi ənənəvi poçt xidmətlərindən başqa, qeyri-ənənəvi xidmətlər də göstərilir. Elektron ödənişlər (təqaüdlər, sosial müavinətlər, pul köçürmələr və s.), ödənişlərin toplanması (kommunal xidmətlər üçün ödənişlər, vergilər), depozitlər (müddətsiz və müddətli), digər əmanət xidmətlərinin satışı, mövcud pul köçürmələri sisteminin təkmilləşdirilməsi, debit kartlarının emissiyası (müştərilərin depozitləri əsasında) və s.

Eyni zamanda elektron hökumət xidmətlərinə isə yerli və mərkəzi idarəetmə orqanları tərəfindən müxtəlif sertifikatların, biznes və şəxsi sənədlərin verilməsi, yerli və mərkəzi idarəetmə orqanlarına vergilərin, rüsumların və digər haqların ödənilməsi, elektron biznes xidmətləri - elektron ticərət, kiber-poçt və e-mail ünvanlarının açılması xidməti, internet şəbəkəsinə, məlumatlara və elektron bazalara çıxış daxildir.

Elektron poçt - (Electronic Mail və ya E-Mail) hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır.

Son 9 aylıq statistikaya görə, Azərbaycandan göndərilən ümumi məktubların sayı 5 milyondan çoxdur. Bunun 4,9 milyonu daxilə, 100 mindən çoxu isə xaricə göndərilib.

Kiçik həcmli paketlərin sayında artım müşahidə olunub. Belə ki, internet sifarişi əsasında xaricdən ölkəmizə çəkisi 2 kiloqramadək olan 480 min ədəd paket daxil olub. Çəkisi 2 kiloqramdan çox olan 6 mindən çox bağlama xaricə göndərilib, 30,5 mindən çox bağlama isə ölkəmizə yola salınıb. Daxil olan paket və bağlamalar paytaxt üzrə 1, rayonlar üzrə 2 gün müddətinə mənzil başına çatdırılır. “Azərpoçt”un 800-ə yaxın filialı var. Bu, böyük şəbəkədir.

Ümumiyyətlə, poçt göndərmələrində dinamika ilbəil artır. Ölkədaxili poçt göndərmələri ildə orta hesabla 30-40% artır, beynəlxalq post göndərmələri də ilbəil yüksəlir. “Azərpoçt” da pul köçürmələrinin 80%-i MDB ölkələrinin payına düşür. Belə ki, pul köçürmələrinin 70%-i Rusiya, 10%-i isə Ukrayna, Qazaxıstan və Belarus ilə aparılan əməliyyatlar hesabına formalaşıb.

Operativ Mobil Bankçılıq layihəsinə gəlincə, bu, əsasən tələbələr və hərbçilər üçün nəzərdə tutulur. Belə ki, bu təbəqədən olan insanlar mobil telefon vasitəsilə operativ pulköçürmə mexanizmi həyata keçirməklə bundan faydalanacaqlar.

Poçt göndərişlərinin tarifi ilə əlaqədar bildirək ki, poçt rabitəsi müəssisələri tərəfindən göstərilən poçt rabitəsi xidmətlərinin haqqı qüvvədə olan tariflər üzrə ödənilir. “Poçt Rabitəsi Qaydaları”na əsasən Poçt göndərişlərinin göndərmə haqqı onlar qəbul edilərkən alınır. Qiyməti bəyan olunmuş məktubların, banderolların və pul baratlarının evlərə çatdırılma haqqı göndərici və ya ünvan sahibi tərəfindən ödənilir. Ödəmə şərtli poçt göndərişləri mövcuddur ki, həmin Qaydalara əsasən həmin poçt göndərişləri üçün veriləndə ödəniləsi məbləğ göndəricinin istəyinə görə müəyyən edilir, lakin bu məbləğ poçt göndərişinə qoyulan qiymətin məbləğindən artıq olmamalıdır.

Beynəlxalq poçt bağlamalarının ünvan sahiblərinə evdə çatdırılmasına görə haqq alınmır. Poçt göndərişləri (bağlamalar və s.) göndərilərkən xidmət haqqı göndərici tərəfindən ödənilir. Bağlamaların qəbul edən şəxsin ödəniş etməsi qanunvericilikdə müəyyən olunmuş bəzi hallar istisna olmaqla nəzərdə tutulmayıb.

Beləliklə, MDB ölkələrinə göndərilən, çəkisi 2 kq-dan çox olan bağlamalara görə rüsum 23,4 manat, Avropa və Amerika qitəsi ölkələrinə 28,4 manat təşkil edir. Ölkəmizə gələn çəkisi 500 qramadək olan beynəlxalq paketlərə görə 1,4 manat, 500 qramdan yuxarı isə 2 manat ödənilir.

Rusiya, İran, Türkiyə, Orta Asiya ölkələrinə 20 qramlıq sadə məktub göndərməsinin rüsumu 60 qəpik, sifarişli məktubun rüsumu 2,2 manat, Avropa və Amerika ölkələrinə sadə məktub 70 qəpik, sifarişli məktub 2,3 manatdır. Bildirək ki, hər 20 qramdan bir qiymətlər dəyişir.

Ölkə daxili bağlama göndərmələrinin hər kiloqramı 40 qəpik, sadə məktublara görə 20 qramlıq 20 qəpik, sifarişli məktubun rüsumu isə 50 qəpik nəzərdə tutulub.

Ekspertlərin fikrincə, elektron poçtdan istifadə edənlərin sayı daim artır. 2011-ci ilin əvvəlinə olan məlumata görə, istifadəçilərin sayı 2010-cu ildə 480 milyon artaraq 1,88 milyard nəfər təşkil edib. İndi e-poçt ünvanlarının ümumi sayı 3 milyarda çatıb. Son illər email-in populyarlığının azalması və tezliklə onun sosial servislərlə əvəzlənməsi barədə fikir yaransa da, statistika təsdiq edir ki, elektron poçtdan ildən-ilə daha çox insan istifadə edir.

Xatırladaq ki, “Azərpoçt” MMC-nin 160-dan çox poçt operatorları arasında sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə keçirilən yarışlarda ardıcıl 5-ci dəfə qızıl səviyyəli sertifikata layiq görülüb. Poçt rabitəsinin tarixində ilk dəfə olaraq 2002-ci ildə milli “Poçt Rabitəsi Qaydaları” hazırlanaraq təsdiq edilib. 2004-cü il iyunun 29-da Azərbaycan Prezidenti tərəfindən ilk dəfə “Poçt Rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun imzalanması Poçt rabitəsinin inkişafını daha da sürətləndirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *