İspaniya Kraliçası Sofiya Azərbaycan məhsulları ilə tanış oldu – FOTO
Diplomatların Beynəlxalq Assosiasiyasının (AİDE) təşkilatçılığı ilə Madriddə “KERMES 2016” beynəlxalq xeyriyyə yarmarkası keçirilib. ANS PRESS-in məlumatına görə, yarmarkada 50-dək ölkənin İspaniyadakı diplomatik nümayəndəliyi milli mədəniyyətlərini, mətbəxini və musiqisini nümayiş etdirib. Bu məqsədlə hər bir ölkə üçün ayrılan masada milli suvenirlər, yeməklər və şirniyyatlar təqdim olunub.
Azərbaycanın İspaniyadakı səfirliyi yarmarkada nümayiş etdirdiyi ölkəmizin milli şirniyyatları, o cümlədən paxlava, şəkərbura, badambura, şor qoğal, həmçinin yeməklərimizdən qutablar, yarpaq dolması, kompotlar, milli ornamentləri əks etdirən suvenirlər, geyimlər sərgi iştirakçılarında böyük maraq doğurub. Satışa çıxarılmış bütün məhsullar, xüsusən milli yeməklərimiz qısa vaxtda satılıb.
İspaniya Kraliçası (ana kraliça) Sofiya Azərbaycan masasında nümayiş etdirilən məhsullarla tanış olub.
Yarmarkada iştirakçılara Azərbaycan barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, yarmarkadan əldə olunan vəsait İspaniya Kraliçasının Reina Sofia Fondunun hesabına köçürüləcək. Həmin vəsait serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.
Mənbə:> ANSPRESS