Komitə sədri: Mən qayıdanda o şirkətlə məşğul olacağam
İctimaiyyətdə bank sektorunda baş verən proseslərlə bağlı gərginlik dalğası hiss olunur. Mərkəzi Bank bu gərginliyin aradan qaldırılması üçün müəyyən addımlar atırdı və indi də atır.
Ən ciddi gərginlik xarici valyutada götürülən kreditlərlə bağlıdır. Əgər problem sistem xarakterlidirsə, məsələyə sistematik yanaşmaq lazımdır.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı deyib.
R. Aslanlı bildirib ki, maliyyə sistemi özü də yuxarıda qeyd edilən problemdən əziyyət çəkir.
“Mərkəzi Bankın sədri Elman Rüstəmov da bildirib ki, maliyyə sektoru 9,3 milyard manatlıq öhdəliyini yerinə yetirməlidir. Söhbət banklarda yerləşdirilən əmanətlərdən gedir. Maliyyə sektoru, yəni banklar öhdəliyini icra etmək üçün verdiyi kreditləri yığmalıdır. Yaranmış vəziyyət qapalı dairəni xatırladır.
Mən bura (iclasa - red.) gələrkən çox ciddi bir halla rastlaşdım. Deməli, Puşkin küçəsində üzərində “Antikollektor" yazısı olan bir ofis açılıb. Maraqlandım, dedilər ki, son zamanlar bir neçə şirkət yaranıb və onlar insanlara banklara olan borclarını qaytarmamağın yollarını öyrədirlər.
Mən qayıdanda o şirkətlə məşğul olacağam... Mən belə başa düşürəm ki, biz oturduğumuz qayığı deşirik. Yaxşı, tutalım ki, borcunuzu qaytarmadınız. Fərz edək ki, sizin heç bankda əmanətiniz də yoxdur.
Bəs bank kartı ilə maaş alan insanlar, pensiya alan yüzlərlə, minlərlə insan pulunu necə alacaq?! Bank deyəcək ki, pulum yoxdur, vəssalam! Çünki verdiyim kreditləri antikollektorlar sayəsində geri ala bilmirəm. İnsanlar anlamalıdırlar ki, borc götürülübsə, qaytarılmalıdır.
Problemin müxtəlif həlli yolları var. Tutalım, bir insan 500 manat kredit götürüb və oğluna toy edib. Hazırda isə bu pulu ödəməyə imkanı yoxdur. Bank anlayır ki, onsuz bu pul qayıtmayacaq. Çıxış yolu nədir?
Kreditlər klassifikasiya olunmalıdır: bir qismi restrukturizasiya olunmalıdır, bir qismi silinməlidir, bir qisminin faizlərinə yenidən baxılmalıdır və sair. Bankların aktivlərinin diaqnostikası aparılmalıdır", - deyə o qeyd edib.
Mənbə:> APA