Azərbaycanda 20 minə yaxın yeni iş yeri açılacaq
Neftçala Sənaye Məhəlləsində isə yaxın aylarda sahibkarlar tərəfindən ümümi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 iş yeri açılacaqdır. Masallıda Sənaye Məhəlləsinin təşkili üçün hazırlıq işləri aparılır.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün keçirilmiş kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, ümumilikdə, 2016-cı ildə əvvəlki ildəkindən 80% çox - 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır.
“Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin genişləndirilməsi bu sahədə çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına və ya 15 mindən çox yeni iş yerinin açılmasına imkan verəcək””, - deyə, o, vurğulayıb.
Nazir 2016-cı ildə tütün əkin sahələrinin genişlənəcəyini bildirib:
“Dövlət başçısının tapşırığına əsasən, tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq.
Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcək. Belə ki, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq”.
Mənbə:> Oxu.Az