Vasif Talıbov sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncamda “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icra edilməsi nəticəsində əldə edilən nəticələrdən bəhs edilib.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində muxtar respublikanın əhalisinin meyvə və tərəvəzə olan tələbatının yerli məhsullar hesabına tam ödənilməsi və tələbatdan artıq məhsulların ixracına nail olunması, meyvə istehsalı həcminin 62 min tona, tərəvəz istehsalı həcminin 20 min tona çatdırılması , meyvə və tərəvəzin qablaşdırılması və digər əlaqədar sahələrin inkişafı gözlənilir. Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Naxçıvan Universiteti tərəfindən icra olunacaq Tədbirlər Planı da müəyyənləşdirilib.
Mənbə:> APA