Azərbaycanda rəsmi işləyənlərin sayı açıqlandı
2016-cı il fevral ayının 1-nə olan statistikaya əsasən, yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 10 514 sığortaolunana fərdi şəxsi hesab açılıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Oxu.Az-a bildirilib.
“Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,33% artıb.
Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 190 668 nəfərə yüksəlib.
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,22%-i (1 889 443 nəfər) kişi, 40,78%-i (1 301 225 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,11%-ni (801 289 nəfər) əhatə edir.
Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,01%-ni (670 334 nəfər) 30 yaşa kimi olan şəxslər, 21,16%-ni (675 057 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 20,38%-ni (650 127 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 12,34%-ni (393 861) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir”, - deyə Fonddan qeyd edilib.
Mənbə:> Oxu.Az