Baş bankir: Manatın yeni məzənnəsi aqrar sektorun inkişafına geniş imkanlar açır
Manatın yeni, daha tarazlı və ədalətli məzənnəsi ixracın təşviqi və idxalın əvəzlənməsinə, xüsusən də ölkədə məşğulluğun təxminən 40%-ni təmin edən aqrar sektorun inkişafı üçün xüsusilə geniş imkanlar açır.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Neftçala rayon ictimaiyyəti ilə görüşündə bildirib.
Onun sözlərinə görə, həyata keçirilən yeni nəsil struktur islahatları ilə birlikdə əlverişli məzənnə aqrar sektorun istehsal və ixrac potensialının tam üzə çıxmasında mühüm rol oynayacaq.
Baş bankir onu da əlavə edib ki, ölkə prezidentinin birbaşa nəzarəti və tapşırığı ilə inflyasiya və süni qiymət artımları ilə bağlı ciddi mübarizə aparılır:
“Eyni zamanda, hökumətin və Mərkəzi Bankın başlıca vəzifələrindən biri qiymət və maliyyə sabitliyini qorumaqdır. Ölkə Prezidentinin birbaşa nəzarəti və tapşırığı ilə inflyasiya ilə, xüsusilə də bəzi işbazlar tərəfindən süni qiymət artımları ilə ciddi mübarizə aparılır.
Eyni zamanda əhalinin real gəlirlərinin qorunması üçün aztəminatlı sosial təbəqənin gəlirləri artırılır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə son qərarlar maliyyə resurslarının məhdudlaşdığı, dövlət xərclərinə sərt qənaət rejiminin tətbiq olunduğu bir şəraitdə qəbul olunmuşdur. Ümumilikdə büdcə xərclərin azaldılmasına baxmayaq, əsas sosial xərclər yerində qalır”.
O, həmçinin qeyd edib ki, bank islahatları bank sisteminin resurs bazasını gücləndirəcək və iqtisadiyyatın kreditləşdirmə imkanlarını artıracaq:
“Başlanmış bank islahatları da start götürən struktur islahatlar ilə birlikdə ümumilikdə ölkə iqtisadiyyatının, o cümlədən regionların yeni keyfiyyətdə inkişaf etməsinə əhəmiyyətli töhfə verəcək. Bank islahatları imkan verəcəkdir ki, perspektivdə bank sisteminin resurs bazası güclənsin və iqtisadiyyatı kreditləşdirmək imkanları artsın”.
Mənbə:> Oxu.Az