Azərbaycanda internet-ticarət məhdudlaşdırıla bilər
Dövlət Gömrük Komitəsi (DGK) beynəlxalq poçt göndərişləri vasitəsilə malların rüsumsuz idxalı üzrə limiti azaltmağı təklif edir.
AzNews.info xəbər verir ki, Trend-in məlumatına görə, bunu DGK-nın sədri Aydın Əliyev mətbuat konfransında deyib.
"Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədi vasitəsilə güzəştli və sadələşdirilmiş keçirilməsi haqqında" qaydalara əsasən, əgər 30 gün ərzində eyni fiziki şəxsin adına beynəlxalq poçt bildiriş və ya nəqliyyat şirkəti vasitislə min dollardan baha olmayan mal daxil olursa, gömrük rüsumunun ödənişi nəzərdə tutulmur.
A.Əliyev qeyd edib ki, bu, poçt göndərişləri üçün olduqca yüksək məbləğdir:
"Ötən ilin ilk 9 ayında poçt göndərişləri vasitəsilə Azərbaycana təqribən 2,5 min ton mal göndərilib. Onun cəmi 2,4 tonu bəyan edilib. Bu, dövlət büdcəsinə gömrük daxil olmalarına real zərərdir".
O əlavə edib ki, idxal edilən malların böyük hissəsi mobil telefonların payına düşür:
"Ötən il ölkəyə idxal edilmiş hər 10 telefondan biri telefon tədarükçüləri tərəfindən gətirilib. Nəticədə hər il böyük zərərlə üzləşirik".
Mənbə:> Trend