Azərbaycan iqtisadiyyatı artıb
2015-ci ildə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1% artaraq 54,4 milyard manat olub.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.
“Əhalinin hər nəfərinə düşən ÜDM-nin (Ümumi daxili məhsul (Gross Domestic Product — GDP) —bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir- red. ) həcmi 5703,7 manat, yaxud 5558,7 ABŞ dolları təşkil edib. Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda 37,7 milyard manatlıq əlavə dəyər istehsal olunub, onun ÜDM-də xüsusi çəkisi 69,3%-ə dək yüksəlib.
Bu dövrdə ümumi daxili məhsulun 33,93%-i sənayedə, 12,14%-i tikintidə, 10,00%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,23%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,40 %-i nəqliyyat və anbar təsərrüfatı, 2,71%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,99%-i informasiya və rabitə sahələrində, 19,31%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,29%-ni təşkil edib”, - deyə komitədən qeyd edilib.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli