Əli Rza Bikdelidən türklərə 300 milyard dollarlıq çağırış
İran türk şirkətlərinə böyük fürsətlər təklif edir. Türkiyə ilə dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinin önəmindən bəhs edən İranın Türkiyədəki Səfiri Əli Rza Bikdeli 300 milyard dollar dəyərində enerjiyə investisiyalar üçün türklərə çağırış edib.
Oxu.Az xəbər verir ki, İran üzərindən sanksiyaların qaldırılması, bunun İran-Türkiyə, eləcə də bu ölkənin ticari əlaqələrinə təsirini səfir Hüriyyet-in müxbiri ilə dəyərləndirib.
Səfir İran hökumətinin ümumi dəyəri 300 milyard dollar olan neft və təbii qaz sektoruna türklərin də daxil olmasının hər iki ölkənin iqtisadi və siyasi əlaqələrinin inkişafına müsbət təsir edəcəyini qeyd edib.
“İran xalqı türk xalqına və iqtisadiyyatına hörmətlə yanaşır. Bu baxışı qorumağa çalışmalıyıq. Bundan sonra ənənəvi ticarət üsullarından istifadə etmək qəbuledilməzdir. Bazarın və ticarətin inkişaf etdirilməsi üçün hər iki ölkə səy göstərməlidir.
Bizim sanksiyalar vaxtı aldığımız dərs qonşularımız ilə əməkdaşlığın gücləndirilməsi ilə bağlı olub. Qonşuları ilə güclü əlaqələri olmayan ölkələr digər ölkələrin onlara qarşı tətbiq etdiyi sanksiya və təhdidlər qarşısında çətinlik yaşaya bilər”, - deyə səfir müsahibəsində qeyd edib.
Səfir bildirib ki, Avropa Birliyi ölkələri necə öz aralarında əməkdaşlığı möhkəmləndirməyə çalışırsa, eyni üsulu Türkiyə və İran da etməlidir.
Mənbə:> Oxu.Az