Azərbaycan orta aylıq əməkhaqqına görə Ermənistandan da geri qalır
“Ermənistan dramın dəyərinin saxlanması üçün hər ay cəmi 70 milyon dollar xərcləyib”
Məhəmməd Talibli: “Ölkədəki vəziyyət həm yüksək devalvasiya, həm də inflyasiya vəd edir”
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri 36.8 milyard manat olub. Gəlirlərin 75.7 faizi son istehlaka (yəni gündəlik təlabat mallarına), 9.5 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 11.8 faizi əmanətlərin və kapitalın artırılmasına, 3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. İlin əvvəli ilə müqayisədə hazırda manatın dəyərinin 2 dəfə ucuzlaşması əhalinin gəlirlərinə ciddi təsir edəcək. Əhalinin gündəlik tələbat mallarına xərclədiyi vəsait daha da artacaq. Hazırda bu istiqamətdəki xərclər əhalinin büdcəsinin 80 faizini təşkil edir. Rəsmi məlumatlara görə, 2014-cü ildə orta aylıq əməkhaqqı 462 manat təşkil edib. Amma hazırkı məzənnə ilə bu təqribən 298 dollar edir. Amma 2014-cü ildə 462 manat 580 dollar idi. Bu da o deməkdir ki, ilin əvvəli ilə müqayisədə əmək haqqı təqribən 280 dollar azalıb. Müqayisə üçün deyək ki, Gürcüstanda orta aylıq əməkhaqqı 387, Ermənistanda isə 386 dollardır. Beləliklə regionun lider ölkəsi digər iki dövlətdən ciddi şəkildə geri qalır. Ciddi resurslara malik olmayan Gürcüstan və Ermənistan iqtisadi baxımdan daha dayanıqlı sistem yarada bilib.
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, ölkədə əhalinin rifah səviyyəsini müəyyənləşdirən əsas amillərdən biri də ölkədəki orta aylıq əməkhaqqıdır: “Biz onsuzda Avropa Birliyi ölkələrindəki kimi 2000-3000 dollar səviyyəsində əməkhaqqı səviyyəsindən danışası deyilik. Azərbaycandakı orta aylıq əməkhaqqı onlardan təqribən 10 dəfə geri qalır. Ölkəmizdəki ikinci devalvasiyadan sonra əməkhaqqının dollarla ölçüsündə xeyli azalmalar baş verdi. Əgər ölkədə orta aylıq əməkhaqqının 485 manat qəbul etsək, o zaman onun dollarla konvertasiyası heç 300 dollar etmir. Amma mən sizə deyim ki, birinci devalvasiyadan sonra ölkədə şərti olaraq 100 manatın dəyərini devalvasiya mərhələləri üzrə təhlil etsək, bu nəticələr alıanacaq. Əgər birinci devalvasiyadan öncə ölkədə təqribən 300 manatlıq əməkhaqqımız bizə 385 ABŞ dolları dəyərində idi. Devalvasiyadan sonra həmin məbləğlə cəmi biz 285 dollar ala bilərdik. İndi həmin məbləğdə olan əməkaqqımız bizim üçün 194 dollar dəyərindədir”.
M.Talıblının sözlərinə görə, dollarla dəyər ifadəsində vətəndaşların ciddi itkisi var. Amma paradoks ondadır ki, Cənubi Qafqazın ÜDM-nin 70-80 %-nin sahib olduğu ilə öyünən Azərbaycanda orta aylıq əməkhaqqı Gürcüstan və Ermənistandan aşağı səviyyədidir. M.Talıblı bildirdi ki, Ermənistanı guya ölkə saymırıq. Amma onlar dramın dəyərinin saxlanması üçün il ərzində Ehtiyat Fondundan hər ay 70 milyon dollar xərcləyib. Valyuta ehtiyatları 2 dəfə azalıb. Biz də Azərbaycan olaraq ehtiyatlarımızı 3 dəfə azaltmışıq və manatın dəyərinin saxlanması üçün isə hər ay 1 milyard manat və ya əvvəlki devalvasiya həddi ilə 1 milyard dollardan azca çox vəsait xərcləmişik: “Yəni, Ermənistanın itirdiyindən 14 dəfə çox vəsait itirmişik. Başqa üstün imkanlar haqqında danışırıq, amma zəif tərəflərimizdən xəbərimiz yoxdur. Neftlə zəngin ölkə olması ilə öyünən respublikamızın xarici borcun məbləğidə onlardan çoxdur. Böyük neft gəliri olan ölkənin resurs üstünlüyü olmayan ölkələrdən həm də böyük məbləğdə yalnız dövlətin özünün borcu 7,2 milyard dollardan çoxdur. Mən buraya dövlət zəmanəti ilə bağlı xarici borcları əlavə etmirəm. Bəs güclü iqtisadiyyatı olan ölkənin vətəndaşların zəif olmasını hara yazaq? Ölkəmizdəki ikinci devalvasiya qərarından sonra bunu təkcə valyuta bazarındaməzənnə fərqi ilə əhatələndiyini düşünmək olmaz. Bu istehlak, maliyyə, sığorta, tikiniti. İnvestisiya və s. istiqamətdə olan 15 bazarın hər birinə təsir edəcək. Xüsusilə də əməkhaqqının dəyərsizləşməsi prosesi istehlak bazarında yeni qiymət artımları ilə müşahidə edilib”.
M.Talıblının sözlərinə görə, ərzaq məhsulların minimum 25-30 faiz səviyyəsində, mal pozisiyalarında isə 50-80 faizlik qiymət artımları baş verib. Dövlətin həmin artımların neqativ təsirindən vətəndaşlarının qorunması üçün heç sosial proqramı və real addımı yoxdur: “Ölkə vətəndaşları bazarın və pis idarəetmənin mənfi təsiri ilə üz-üzə buraxılıb. Demək, ikinci devalvasiyadan sonra ölkədə əhalinin həm də alıcılıq qabiliyyəti aşağı düşəcək. Belə deyək ki, belə yüksək (81%) devalvasiya səviyyəsi həm valyutanın dəyərdən düşməsi, həm də yüksək inflyasiya riski vəd edir”.
Mənbə:> Azadlıq.info