Krediti ödəməsək, nə olacaq? – VİDEO
Dollarla kredit götürmüş şəxslər devalvasiyadan sonra banklara ödəniş etmirlər. Borcların silinəcəyi və ya köhnə məzənnə ilə ödəniləcəyi ilə bağlı yayılan şayiələr səbəbilə çoxları gözləmə mövqeyi tutub. Nəhayət bununla bağlı Mərkəzi Bank məlumat yayıb.
Kreditlər köhnə məzənnə ilə ödəniləcək, borclar silinəcək və s... Manatın ucuzlaşmasından sonra bu qəbildən olan xəbərlər krediti olan vətəndaşlarda çaşqınlıq yaradıb. Kimi ödəniş məbləği artdığına görə banka borcunu qaytara bilmir, kimi də imkanı olsa belə, ona güzəşt olunacağını gözləyib öhdəliyini yerinə yetirmir. Nəticədə dekabr ayının ödənişləri gecikir.
Bununla bağlı Mərkəzi Bank məlumat yayıb. Məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikasında “Naxçıvanbank”a dollarla borcu olan şəxslərin kreditlərinin köhnə, məzənnə ilə ödənilməsi qərarının eynisini ölkə miqyasında tətbiq etmək olmaz. Çünki, “Naxçıvanbank”ın portfelində devalivasiya nəticəsində yaranan fərq cəmi 420 min manatdır. Ancaq ölkə miqyasında əhaliyə xarici valyutada verilmiş kreditlərin həcmi 2 mlrd. dollar təşkil edir. Buna görə də, eyni addımın bankların vəsaitləri hesabına ölkə miqyasında atılması üzrə populist çağırışlar bankların maliyyə vəziyyətini pisləşdirə və ilk növbədə əhalinin əmanətləri üçün təhlükə yaradar.
Mərkəzi Bankın tövsiyəsinə əsasən, hər bank öz imkanlarına uyğun müştərilərinə güzəşt edəcək. Yəni hamı üçün ortaq qərarın veriləcəyi gözlənilmir. Bankların təklif etdiyi güzəştlərlə razılaşmayıb ödənişdən yayınanlarla bağlı isə hüquqi tədbirlər görüləcək.
Mənbə:> Xəzərxəbər