İlham Əliyev Bakıda keçiriləcək “Formula-1”dən danışdı
Gələn il Azərbaycanda digər mötəbər idman yarışı keçiriləcək - “Formula-1” yarışı. Bu da dünya miqyasında üç ən əsas idman yarışının sırasında olan bir yarışdır. Birinci yerdə, əlbəttə ki, Yay Olimpiya Oyunlarıdır. İkinci yerdə futbol üzrə dünya çempionatıdır. Üçüncü yerdə “Formula-1” yarışıdır. Bu yarışın Azərbaycanda keçirilməsi, əlbəttə ki, tarixi hadisədir.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, bu yarışlar bizim bölgədə ilk dəfə olaraq keçiriləcək.
“Bizim şərtimiz ondan ibarət idi ki, bu yarışma mütləq şəhər küçələrində keçirilməlidir. Çünki birincisi, bu yarışın təşkili üçün yeni stadionun tikintisinə biz gərək böyük vəsait xərcləyəydik.
Buna lüzum yoxdur. Digər tərəfdən, xüsusi tikilmiş yerlərdə keçirilən yarışlar bir-birini təkrarlayır, bir-birinə oxşayır. Televiziyada bu yarışları seyr edərkən heç bilmirsən ki, bu yarış harada keçirilir.
Bizim üstünlüyümüz ondan ibarət olacaq ki, bu, gözəl, qədim və müasir şəhərimizin küçələrində keçiriləcək. Bu günə qədər cəmi iki yerdə - Monakoda və Sinqapurda bu yarışlar şəhər küçələrində keçirilib. İndi hazırlıq işləri gedir. Əminəm ki, biz bu gözəl yarışı da ən yüksək səviyyədə keçirəcəyik”, - deyə, İlham Əliyev vurğulayıb.
Mənbə:> Oxu.Az