Çörəyin qiyməti qalxdı – FOTO
Mərkəzi Bankın üzən məzənnə açıqlamasından sonra bəzi işbazlar sadəcə özlərini düşünərək, qiymət artımına gediblər.
AzNews.info Bizimyol.info-ya istinadən xəbər verir ki, artıq paytaxt və digər bölgələrdəki bəzi marketlərdə çörəyin qiyməti qaldırılıb. Unun qiymətinin qalxması çörək və çörək məhsulların qiymətinə də öz təsirini göstərib. Ekspertlərin fikrincə əgər unun qiyməti qalxıbsa, əlbəttə o çörəyin qiymətinə də təsir etməlidir. Ola bilsin ki, çörəyin çəkisini azaltmaqla bunu kompensasiya etməyə çalışacaqlar.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirilməsi haqda məlumat yaysa da, istər paytaxt Bakıda, istərsə də bölgələrdə belə hallar müşahidə olunmaqdadır.
Bizimyol.info-nun əməkdaşı paytaxt mağazalarındakı qiymətlərlə maraqlanıb. Mağazada alış-veriş edən xanımlardan biri deyir ki, qiymətləri insanlar süni şəkildə qaldırır: "Marketlərdə 1 manat qiyməti olan malı 3 manata satırlar. Bəzi mallar dəyərindən artıq qiymətə təklif olunur. Girdiyim bəzi mağazalarda əvvəl qiyməti 2 manat olan ərzağı 5 manata gördüm. Əvvəlcədən camaat arasında şayiə yayırlar. Deyirlər süni şəkildə qiymət qaldıranlar cəzalandırılacaq. Ancaq ortada heç nə yoxdur. Bayramqabağı qiymətləri bir az da qaldıracaqlar. Yenə maaşlar yüksək olsa, qiymət nə qədər qalxsa da millətin təsəllisi olar ki, onsuzda qazanc yerim var. Maaş da yoxdur axı. Hələ deyirlər yanvardan ixtisarlar olacaq"
Mənbə:> Bizimyol.info