Nazirlik qiymət artıran marketlərlə bağlı hərəkətə keçdi
İqtisadiyyat və Sənaye Nazirliyi dünən dolların bahalaşması ilə bağlı bəzi marketlərdə qiymət artımına aydınlıq gətirib.
"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib. Bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.
Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Mənbə:> Qafqazinfo.az